"Əslində Ərdoğanın bu təklifi Rusiyaya ünvanlanan bir jestdir. İndi rublla ticarət dövriyyəsi qurmaq mümkünsüzdür. Rublun məzənnəsi o qədər dalğalıdır ki, səhərki ilə axşam olacaq məzənnə arasında cidd fərq yaranır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı mövcud sitiasiyada ikitərəfli ticarətdə avro və dollarla yanaşı, rubl, yuan və qızıldan istifadə edilməsi təklifinə münasibət bildirərkən deyib:
"Bu təklif Rusiya ilə münasibətləri pozmamaq və ticarət dövriyyəsini davam etdirmək üçün Moskvaya yönəlik pozitiv jestidir. Amma bu jest siyasi bəyanatdan o tərəfə keçməyəcək”.
Ekspert düşünür ki, rublu nəzərə almasaq, iki ölkənin qızıl və yuanla ticarət aparması isə mümkündür:
"Çin yuanı sabit valyutadır. Uzun müddətdir ki, həmin valyutada dəyişkənlik olsa da, çox cüzi olur. Qızıl isə daimi valyutadır. Ona görə də fiziki olaraq yuan və qızılla ticarət mümkündür. İran sanksiyalara məruz qalanda qızıldan istifadə etməklə özünə lazım olan bəzi avadanlıqları alıb. Pekin Rusiyaya qarşı sanksiyalara qoşulmadığından bütün ticarət dövriyyəsi və maliyyə axınının Çin üzərindən qurulması da mümkündür. Yəni Türkiyə transferi Çin üzərindən icra edir, Rusiya isə Çinə pul köçürməsini həyata keçirir. Bu fonda Çin özü də daha çox qazanacaq”.
N. Cəfərli qeyd edir ki, bir müddətdən sonra Rusiya ilə avro və dollarla ticarətin aparılması ümumiyyətlə mümkünsüz hala gələcəyindən Ərdoğan sözügedən təklifdə bulunub:
"Çünki dolar, avro, funt sterling, isveçrə frankı ilə əməliyyatlar beynəlxalq pul köçürmələr sistemindən Rusiyaya və oradan kənara keçməyəcək”.
Rüfət Sultan