"Ərdoğanın Kiyevə səfəri xarici əlaqələrə həsr olunan adi səfər deyil. Burada Ukrayna ətrafındakı böhrana aid mövzular ön cərgədə durur. Bu mənada Türkiyənin Ukrayna ilə əlaqələri sözügedən böhranın aradan qaldırılması üçün indiki mərhələdə vasitəçilik və xoşməramlı xidmətlərin göstərilməsi yolunda yaxşı əsaslar yaradır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərini şərh edərkən deyib:
"Bu səfər fonunda həmçinin, vasitəçilik missiyasının mövcud olduğunu da istisna etmirəm. Eyni zamanda, səfər proqramına, baş verən görüş və bəyanatlara nəzər salanda görürük ki, iki ölkə arasındakı əlaqələr də yüksək səviyyədədir. Belə görünür ki, Türkiyə Ukrayna üçün ən vacib tərəfdaşlardan biridir.
Ukrayna mövzusu Rusiya Qərb arasındakı gərginliyin bir hissəsidir və əsas mövzu orta mənzilli silahlarla bağlı hansısa sərhədi əldə etməkdən ibarətdir. Ukrayna mövzusu məhz bu əsas mövzunu gündəmə gətirmək üçün bir vasitədir. Türkiyə də NATO-nun üzvüdür. Eyni zamanda, Ankara Rusiya ilə ən yaxşı əlaqəsi olan NATO dövlətidir. Türkiyə bir çox məsələlərdə Moskva ilə əməkdaşlıq edən və hətta hansısa böhranların qarşısını alan ölkədir. Bu mənada Türkiyənin vasitəçiliyi sözügedən böhranın aradan qaldırılması yolunda yaxşı əsaslar yaradır. Burada Azərbaycan da rol oynaya bilər. Azərbaycan Prezidenti Ukraynaya səfərindən sonra dərhal Putinlə əlaqə saxlayıb. Bu da onu göstərir ki, həmin kanaldan artıq istifadə olunur”.
Rüfət Sultan