Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki, prezidentin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək. Məlumata görə, Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.
Qeyd edək ki, son dövrlər Türkiyə liderinin Azərbaycana səfərləri intensivləşib. Bu da başa düşüləndir. Belə ki, 44 günlük müharibədə əldə olunan qələbədə Türkiyənin də böyük payı var. Məhz Türkiyənin siyasi baxımdan Azərbaycana verdiyi dəstək müharibədə əldə olunan zəfərə mühüm töhfə verib. Digər tərəfdən, Ankara azad edilmiş ərazilərimizin bərpası prosesində də aktivlik nümayiş etdirir.
Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu qeyd edib ki, Türkiyə Prezidentinin Azərbaycanın Qarabağ bölgəsində istifadəyə veriləcək növbəti hava limanının açılışında iştirakı sıradan bir hadisə deyil. Onun fikrincə, bu, sadəcə olaraq, bölgədə gedən proseslərin Ankaranın nəzarəti altında olması anlamında qəbul olunmalıdır:
"Ən əsası isə bu, Azərbaycanla münasibətlərdə mövcud problemləri həll etmək mövqeyindən yayınan Ermənistanın siyasi elitası, ilk növbədə Paşinyanın özünə bir mesaj kimi qəbul olunmalıdır. Azərbaycanla Türkiyə arasında münasibətlər yeni mahiyyət, forma və məzmun kəsb edir. Bu mənada Ərdoğanın ölkəmizə olan səfəri də iki qardaş dövlət arasında münasibətlərdəki əməkdaşlığın yeni çaları, yeni imkanları kontekstində qiymətləndirilməlidir.
Bölgənin təhlükəsizlik problemlərinin həllində Türkiyə Rusiya ilə sıx əməkdaşlıq edir. Son vaxtlar Qərbin Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik etmək və təşəbbüsü öz əlinə almaq istəyinə münasibətdə də Ankaranın özünəməxsus mövqeyi mövcuddur. Türkiyə zamanında və indinin özündə də Qərbdəki "müttəfiqləri” tərəfindən müəyyən təzyiq və təhdidlərə məruz qalan dövlətdir”.
Həmsöhbətimiz bildirir ki, Ərdoğanın Azərbaycana olan hər bir səfəri iki dövlət arasındakı münasibətlərin "bir millət, iki dövlət” ampulasında qurulması istiqamətində həyata keçirilən siyasətin davamıdır:
"Heç şübhəsiz, bu səfərdən sonra da iki dövlət arasında münasibətlərdə bütün sahələr üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq. Ən əsası, bu səfər İrəvana Moskva razılaşması ilə əldə edilən öhdəliklərin yerinə yetirilməsi istiqamətində növbəti bir mesajdır. Ermənistan üzərinə bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin açılması öhdəliyini götürüb. Türkiyənin də İrəvana ünvanladığı mesajların arxasında həm bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məlum işartılar var, həm də Ankara ilə Ermənistan münasibətlərində artıq zamanı çatmış problemlərin həllilə bağlı məqamlar mövcuddur”.
Rüfət Sultan