Bu gün Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub. Bildirildiyinə görə, liderlər Ukraynadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
Qeyd edək ki, bu gün Putinin 70 yaşı tamam olur. Böyük ehtimalla, Ərdoğan bu zənglə ilk növbədə onu təbrik edib. Ardınca aydın məsələdir ki, bölgə ətrafında cərəyan edən bir çox məsələləri müzakirə ediblər.
Qaynarinfo-ya açıqlama verən politoloq Taleh Əliyev düşünür ki, bu telefon danışığı zamanı liderlər Bakı ilə İrəvan arasında gözlənilən sülh müqaviləsini də müzakirə edə bilərlər:
"Son dövrlər Türkiyə-Rusiya münasibətləri, xüsusən də Ərdoğan və Putin münasibətləri fonunda demək olar ki, qarşılıqlı olaraq həm maraq doğuran məsələlərdə, həm də hər iki ölkənin regional siyasi maraqları ilə bağlı məsələlərdə fikir mübadiləsi aparılır. Prinsipial razılığa gələ bildikləri məsələlərdə razılıq əldə olunur. Prinsipial razılıq əldə olunmayan məsələlər isə ertələnir. Buna xüsusilə də Rusiyanın Ukraynaya hücumu fonunda Ankara-Moskva münasibətlərində daha çox şahidlik edirik. Əvvəllər daha çox Rusiya tərəfi Suriya kimi bölgədə öz ambissiyasını yeridirdisə, Ukrayna müharibəsi başlayandan tərəflər fikir ayrılığında qaldıqları məsələləri açıq variantda saxlamaqla uzadırlar.
Son telefon danışığında Ukrayna məsələsi və ikitərəfli münasibətlərlə yanaşı, Cənubi Qafqaz məsələsinin müzakirə edildiyi də istisna deyil. Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsinə özünün milli məsələsi kimi baxır. Bu baxımdan da çalışır ki, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə bütün formatlarda və bütün tərəflərlə münasibətlərdə razılıq əldə etsin. Moskva Qarabağ münaqişəsi formasında problemin qalmasında martaqlıdır. Bu baxımdan düşünürəm ki, Ərdoğanla Putin bu telefon danışığı zamanı həm də Azərbaycanla Ermənistan arasında gözlənilən sülh müqaviləsi barədə də fikir mübadiləsi aparıblar. O cümlədən, bundan sonrakı mərhələdə rus sülhməramlılarının Azərbaycan torpaqlarında qalıb-qalmaması məsələsi də müzakirə predmeti ola bilər”.
Rüfət Sultan