Dünya 16:52 05.12.2023

Ərdoğan Yunasıtana gedir: Düşmənçilik dostluğa çevrilir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Yunanıstana səfəri gözlənilir. Səfər çərçivəsində o, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşəcək.  

Yunan mətbuatının yazdığına görə, liderlər iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclasına sədrlik edəcəklər. Səfərin gedişində tərəflərin ən azı 20 saziş imzalayacaqları gözlənilir. Məlumata görə, bunların arasında miqrasiya ilə bağlı sənəd də var. 

Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Ərdoğanı səfərdə 7 nazir, həmçinin onun müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək. Məlumata görə, Yunanıstan tərəfdən heyətin tərkibində xarici işlər, müdafiə, iqtisadiyyat, təhsil, immiqrasiya, mədəniyyət, turizm nazirləri olacaq. 

Bu səfər və iştirak edəcək tərkibin geniş olması, habelə səfər öncəsi hər iki tərəfdə səslənən rəsmi açıqlamalar onu göstərir ki, Afina ilə Ankara artıq narazılıqları kənara qoyub, hər iki tərəfin marağına cavab verən məsələlərdə razılığa gəlmək istəyirlər. 

Qeyd edək ki, artıq bir müddətdir hər iki ölkə rəsmiləri mehriban qonşuluq münasibətləri qurmaq niyyətlərlərini ortaya qoyurlar. Səfər ərəfəsində Ərdoğan deyib ki, ABŞ Türkiyə ilə Yunanıstanın arasını vurmağa çalışır. O bildirib ki, aralarındakı məsafənin bu qədər yaxın olmasına baxmayaraq, iki ölkənin hələ də düşmənçiliyi alovlandıran səslərlə yürüş etməsi düzgün deyil. Ərdoğanın sözlərinə görə, başda ABŞ olmaqla, bəzi dairələr hər iki ölkəni bir- birinə qarşı qoymağa çalışır:

"Dekabrın 7-də Yunanıstana səfər edəcəyəm və qarşı tərəflə oturub bir sıra məsələləri müzakirə edib, həll yolunu tapacağıq. Həll edə  biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də var”.

Ərdoğandan bir qədər əvvəl isə Yunanıstanın dövlət naziri Akis Skerços da münasibətləri normallaşdırmağa xidmət edən açıqlama verib. O bildirib ki, Ərdoğanın səfəri zamanı iki ölkəni "birləşdirən” münasibətlərə diqqət yetirmək istəyir. Skerços iki ölkə arasında fikir ayrılığına səbəb olan məsələlərdə israr etməyəcəklərini deyib:

"Ötən dörd ildəki gərginliyi aradan qaldırmaq üçün ortaq bir sahə tapmağa çalışacağıq. Yunanıstanı mehriban qonşuluq münasibətləri qurmaq, sərhəddə sülhü təmin etmək və miqrasiya axınının qarşısını almaq maraqlandırır. Biz bu mühüm görüşü fikir ayrılıqları  üzərində deyil, bizi Türkiyə ilə birləşdirən məsələləri müəyyənləşdirmək və diqqət mərkəzində saxlamaq üçün planlaşdırdıq”. 

Aydın məsələdir ki, Afina ilə Ankara arasında münasibətlərin normal məcrada olmasını istəməyən qüvvələr də var. Belə qüvvələr həm Qərbdə, həm də  Şərqdə mövcuddur. Onlar öz maraqlarının təmin edilməsi  üçün çalışırlar ki, Yunanıstanla Türkiyə arasında daim gərginlik yaşansın. Həmin qüvvələr bilir ki, Afina ilə Ankaranın yaxınlaşması, ümumiyyətlə həmin regionda sabitliyin təmini Türkiyənin bölgədə nüfuzunun artmasına  xidmət edəcək. Həmçinin, bu dairələri Türkiyənin müstəqil siyasət yürütməsi də narahat edir. Bu isə xarici dairələri qane etmədiyindən onlar Türkiyə ilə Yunanıstan arasında daim gərginliyin qalmasında maraqlıdırlar. Bu mənada Türkiyə və Yunanıstan liderləri və digər rəsmilərin son açıqlamaları onu deməyə əsas verir ki, xarici təzyiqlərə rəğmən tərəflər normal münasibətlər qurmaqda israrlıdırlar. 

Ərdoğanın səfəri çərçivəsində imzalanacaq sənədlərin çoxluğu da göstərir ki, tərəflər əvvəlki ümum-küsülüyü ən azından indiki məqamda arxa plana keçirmək istəyirlər. Zatən, Türkiyə çoxdan qonşularla "sıfır problem” çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.  

Ərdoğanın son illər apardığı siyasət məhz buna xidmət edir. Görünən odur ki, artıq Afina da həmin yola gəlir. İmzalanacaq sənədlər arasında miqrasiya ilə bağlı sənədin xüsusi olaraq vurğulanması göstərir ki, əsasən də Afina bunda maraqlıdır. Belə ki, son illər Avropanın digər ölkələrinə köç edən miqrantlar böyük axınla əsasən Yunanıstana, onun Egey dənizindəki adalarına üz tutur. Bu isə Afina hökumətinə böyük baş ağrısı gətirir. Görünür, məhz bu amil Afinanı Ankara ilə əvvəlki gərginliyi azaldaraq, münasibətləri normallaşdırmaq yolu tutmasına vadar edib. Hər halda, Ərdoğanın bu səfəri və imzalanacaq sənədlər iki ölkə arasında münasibətlərdə yeni səhifə açmasa da, çünki aralarında olan gərgin münasibətlərin dərin kökləri var, bununla belə, üzləşdiyi miqrasiya problemi Afinanı istəməsə belə, Ankara ilə isti münasibətlər yaratmağa vadar edir. 

Rüfət Sultan