Siyasət 12:26 17.05.2022

Ərdoğanın  “NATO demarşı”: ritorika, yoxsa geosiyasi oyun? - Ekspert

Finlandiya və İsveçrənin NATO üzvülüyü ilə bağlı aparılan müzakirələr rəsmi Türkiyənin narazılığına səbəb olub. Ankara anlayır ki, bu iki ölkənin Alyansa daxil olmasını bloklamaq imkanına malikdir, odur ki, bu amildən bəhrələnir. 

Məsələ ondadır ki, qüruma yeni üzvlərin qəbulu istisnasız olaraq, bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir. Finlandiya və İsveçin Alyansa üzvülüyünə qarşı isə  Türkiyə və Xorvatiya çıxır. 

İlk baxışdan, NATO və Ərdoğanın anlaşması imkansız görünür. Ərdoğan güzəştə gedəcəyi vaxt, nələrsə əldə edə bilir. Türkiyə liderinin Finlandiya və İsveçə "əzələ nümayiş” etdirməsi yalnız "kürd problemi” ilə bağlı deyil, o, daha çox divident əldə etmək istəyir. Türkiyə NATO-nun ən güclü ordularından birinə malikdir və Ankara anlayır ki, yaranmış vəziyyətdə "siyasi hərrac”dan uduşla çıxa bilər. Türkiyənin bu məsələdə qətiyyətli mövqeyindən sonra artıq Avropa İttifaqı da qapılarını Türkiyənin üzünə aça biləcəyinə işarə vurub.

Onu qeyd edək ki, NATO-ya üzv olmaq kifayət qədər uzun çəkən prosedurdur, bu baxımdan, yeni üzvlərin qəbulu məsələsi uzana bilər. Lakin Putin dünyanı nüvə silahı ilə şantaj edir. Odur ki, Vaşinqton bu məsələdə tələsməyi lazım bilir. Lakin istənilən halda Finlandiya və İsveçin NATO-ya belə tezliklə üzv olması inandırıcı deyil, bunu Ərdoğan da bilir. Sadəcə olaraq, Türkiyə prezidenti böyük miqyasda cərəyan edən oyunundan öz xeyrinə istifadə etmək istəyir.
Xatırladaq ki, İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Türkiyə Finlandiya və İsveçi PKK terror təşkilatı ilə əlaqələrdə ittiham edir. Ölkənin xarici  işlər naziri Mövlud Çavuşoğlu NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb. O, qeyd edib ki, Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.

Baş verənlərin mahiyyəti nədən ibarətdir və Ərdoğanın bu prosesdə marağı nədir? Bu məsələni Qaynarinfo-ya şərh edən "Tolerantlıq” Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu bildirib ki, Ankara öz oyununu oynayır: 

”Lakin bu, razılaşdırılmış oyun təsiri bağışlayır. Ankara və Londonu müttəfiq də adlandırmaq olar. London Bakının da ən yaxın müttəfiqidir və 44 günlük savaşda bunun şahidi olduq. Bu baxımdan, istisna deyil ki, Ankara və London dünyanın yenidən bölüşdürülməsi prosesində əməkdaşlıq edirlər. Hər iki paytaxta öz rolunu oynamaq həvalə edilib. Məsələ ondadır ki, ABŞ dünyanın yeganə hegemonu olmaq istəyir (London ilə birlikdə), Ankaraya isə regional güc statusu kifayət edir. Bu baxımdan, Finlandiya və İsveçin Alyansa üzvülüyü əslində heç nəyi dəyişmir”.  

A. Rəşidoğlunun sözlərinə görə, artıq NATO-nun SSRİ dönəmində olduğu qədər önəmi yoxdur və yaranmış vəziyyətdə tamailə yeni ssenarilər planlaşdırılır: 
”Vaşinqton, London, Ankara, Bakı və  transmilli korporasıyalar dünyanın yeni düzənini formalaşdırır. Rusiyanın çökdürülməsi fonunda "Turan ideyası”nın qabardılması da romantizm deyil, məhz praqmatik siyasətin təzahüridir. London və Vaşinqton dünya hegemonluğuna can atır, bu isə türk dünyası olmadan həyata keçirilə bilməz. Türk dünyası ilə əməkdaşlıq eyni zamanda Rusiyada yaşayan minlərlə türkə bir mesajdır və Rusiyanın daxildən parçalanması prosesinə hazırlıqdır. Digər tərəfdən, uyğur türkləri ilə problemlər yaşayan Pekin üçün əlavə başağrısdır və Çinin artan nüfuzuna qarşı düşünülmüş addımdır”.

Ekspertin fikrincə, Çinin Orta Asiyaya nəzarəti London – Vaşinqton – Ankaranın strateji maraqlarına zidd olardı. A. Rəşidoğlu belə hesab edir ki, türk-slavyan birliyi artıq aktuallığını itirib, Rusiya çökür və bu ideya da dəfn edilir:

”Əvəzində yeni ideya gündəmə çıxır -  Türk-İngilis birliyi. Xəzər dənizinə çıxış əldə etmək, Orta Asiya ilə birlik Ankara üçün yeni perspektivlər açır. Ankara London və Vaşinqtonun əsas dayağına çevrilməkdədir və Ərdoğanın Qərbə qarşı sərt çıxışlarına baxmayaraq, oyun başlayıb və Ankara oyunun içindədir. Düşünürəm ki, Rusiya, Çin, istisna deyil ki, İran hədəfə gələcək və dünyanın siyasi xəritəsi yenidən formalaşacaq”.

Siyasət şöbəsi