Xəbər lenti

Ərdoğanın yeni sülh jesti nəticə verəcəkmi? (ŞƏRH)
Dünya 15:22 18.11.2024

Ərdoğanın yeni sülh jesti nəticə verəcəkmi? (ŞƏRH)

"Ərdoğanın təklifi məlum şərtlər daxilindədir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 sammitinə Ukrayna-Rusiya müharibəsinin dondurulması ilə bağlı verəcəyi təklifi şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin Ukrayna müharibəsinin nizamlanması yolunda cəhdləri həmişə olub:

"Müharibənin ilk günlərindən aparılan danışıqlar hətta nəticə də vermişdi. Sadəcə, Böyük Britaniyanın o zamankı baş naziri Boris Conson bunun qarşısını aldı. Həmin razılaşmanın indi də gündəmdə olduğu bəllidir. Ərdoğanın təklifi isə ümumiyyətlə gündəmdə olan və gözlənilən şərtlər daxilindədir. Bu şərtlərlə razılığın əldə olunması Rusiyanın da marağında ola bilər".
 


Bununla belə, ekspert hesab edir ki, Ərdoğanın təkliflərində Ukrayna və Rusiyanı qane etməyən məqamlar da vardır:

"İlk növbədə Ukraynanın ərazi bütövlüyünün 1991-ci il sərhədlərinə çıxılması məsələsidir ki, bunun indiki məqamda mümkünsüzlüyünü onlar da qəbul edirlər. Rusiyanın da Dnepr çayının sərhəddinə çıxması məsələsi var. Əsas məsələ Ukraynanın NATO-ya qəbulu üçün qoyulan müddətdir. Bunun ümumiyyətlə mümkün olması şübhəlidir. Görünən odur ki, Ukraynanı sülhə gətirmək üçün ümid verilməsinə cəhd edilir".
 
Həmsöhbətiizə görə, bütün hallarda hər hansı şərtlərlə pis sülhün bağlanması müharibədən yaxşıdır. 

Qeyd edək ki, "Bloomberg" agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin Braziliyada olacaq zirvə toplantısında Rusiya-Ukrayna münaqişəsinin dondurulması ilə bağlı plan təklif edəcək. "18-19 noyabr tarixində gerçəkləşəcək sammitdə Türkiyə lideri Ukraynanın NATO-ya üzvlüyünün müzakirəsini ən azı 10 il təxirə salmağı, münaqişəni hazırkı cəbhə xətti üzrə dondurmağı, Donbasın şərqində təhlükəsiz zonası yaratmağı, həmçinin orada beynəlxalq hərbi qüvvələr yerləşdirməyi təklif etmək istəyir", deyə nəşrdə qeyd olunur. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->