44 günlük Qarabağ müharibəsindən sonra Hadrutdan və Şuşadan köç etmiş ermənilər İrəvanda Respublika meydanına toplaşaraq etiraz aksiyası keçiriblər.
Qaynarinfo bu haqda Ermənistan mediasına istinadla məlumat verir.
"Hadrut Naminə” QHT-nin rəhbəri Levon Hayryan jurnalistlərə bildirib ki, 2000-ə yaxın insan onların tələbinə qoşularaq imza toplamağa başlayıblar. Bəs etirazçıların əsas tələbi nədir?
"Bizim tələbimiz ilk növbədə Hadruta, Şuşaya qayıtmaqdır. Mən burda bir neçə Qarabağ sakini adından danışıram, biz öz vətənimizə qayıtmaq istəyirik. Əgər indi bizi Qarabağa qaytarmasalar, onda qoy Ermənistanda bizim üçün icma qursunlar, biz orada yaşayıb uşaqlarımıza, nəvələrimizə başa salaq ki, bizdən sonra Hadruta qayıtsınlar”, - çıxışçılardan biri deyib.
Hadrutdan köç etmiş digər şəxsin sözlərinə görə, onlar müxtəlif idarələrə, müxtəlif ölkələrin Ermənistanda fəaliyyət göstərən səfirliklərinə müraciət etsələr də, hələ də cavab almayıblar. Hətta Xarici İşlər Nazirliyi onların problemləri ilə məşğul ola bilməyəcəklərini yazılı şəkildə cavablandırıb. Belə ki, Levon Hayryan BMT-nin Ermənistandakı ofisinə gedəcəklərini, orada oturaq aksiya keçirəcəklərini və görüş tələb edəcəklərində bildirib.
"Bu 4 il ərzində Nikol Paşinyan hər-hansısa səfərdən müsbət addımla qayıdıbmı? Moskvaya gedir, Fransaya gedir, haradansa müsbət nəticəylə qayıdırmı? Bu hökumət ancaq bir şey edə bilər, o da istefasıdır. Onlar bir şeyi anlamalıdırlar ki, onsuz da millətə, xalqa ziyan vururlar. Nikol ölüm yoluna çıxıb, xalqı da özüylə aparmaq istəyir, buna isə ehtiyac yoxdur!
Ay camaat, siz çox soruşursunuz, Qarabağda vəziyyət necə olacaq, əgər bu hakimiyyətə ümüd etsək, onda çox pis olacaq.
BMT əsasən humanitar məsələlərlə məşğul olduqlarını deyir. Biz də BMT-yə və digərlərinə başa salmağa çalışırıq ki, əsl humanitar yardım məni, Levon Hayryanı kəndimizə aparıb, əkdiyim ağacın altında oturmağıma dəstək olmaqdır. Mən Seneqala aparıb böyük villa versələr, Putinin yaxtası kimi yaxta versələr də, bu, humanitar yardım olmayacaq. Humanitar yardım odur ki, adam öz evində uşağını böyüdə bilə, vermişel verməklə humanitar yardım olmur, bizim başımızı vermişellə və pulla qatmaq istəyirlər”, - L.Haryan deyib.
Telman Qasımov