"Avropa Şurasının, bütövlükdə Avropa məkanının cənubi Qafqaz üzrə siyasəti qüsurludur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torild Sunna Evarsdottirinsonun hesabatına münasibət bildirərkən deyib. Onun fikrincə, Avropa Şurasında müəyyən bir qrup adam Azərbaycanın lənətlənmiş düşmənidir:
"Bütün hallarda nə olmağından asılı olmayaraq, onlar Azərbaycana qarşı çıxışlar edir. Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri çox yüksək səviyyədədir. Bir-birimizlə qarşılıqlı ehtiyacımızı ödəyirik. Avropa bazarı bizim üçün sabitdir. Bu gün Avropa bazarına alternariv neft-qaz lazımdır. Avropa bazarının elə də çox tərəfdaşı yoxdur. Azsaylı tərəfdaşlardan biri Azərbaycandır. Avropa məkanlarında müəyyən qrup adamlar var və onlar çalışırlar ki, Avropa ilə Azərbaycanın münasibətlərinə kölgə salsınlar. Mən konkret olaraq heç bir dövlətin üstündə dayanmayacağam. Amma Avropanın özünün gəldiyi nəticəni açıqlayacağam. Təxminən 6 ay bundan əvvəl açıqlandı ki, Avropanın strukturlarında 400-ə yaxın Rusiyanın və Çinin casusu var. İndi ermənilər harada anti-azərbaycançı, harada anti-türkiyəçi varsa, çalışırlar ki, onları öz qruplarına çəksinlər. Onları əllərində alət edərək pul qazansınlar. Hazırda ermənilərə və baş verən proseslərə diqtə edən, yön verən kimi qəbul eləmək lazım deyil. Ermənilər aşkar şəkildə alətə çevrilib. Avropada müəyyən bir qrup var ki, onlar bir gün İtaliya, bir gün Almaniya ilə Azərbaycanın arasına girir. Ona görə də onlar daima Azərbaycan məsələsini gündəlikdə saxlayırlar”.
AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məruzəçisi Torild Sunna Evarsdottirinsonun hesabatında yer alan azərbaycalı şəxslərin siyahısına gəlincə, Mübariz Əhmədoğlu bunu onlardan istifadə kimi dəyərləndirir:
"Hesabada yer alan Azərbaycanla bağlı siyahı onların prizmasından nə qədər rəngarəng görünsə də, düşünürlər ki, bu, daha yaxşı effekt yaradacaq. Ona görə onlar siyahıda yer alan şəxslərdən istifadə edir və daima nəzarətdə saxlayırlar. Avropa Şurasının, bütövlükdə Avropa məkanının cənubi Qafqaz üzrə siyasəti qüsurludur. İndi Ermənistanda siyası məhbusların sayı qat-qat artıqdır, Gürcüstanda isə demokratiya ayaq altında tapdalanır. Bunu səbəbi Avropa, Qərb dünyası bilicilərinin Azərbaycana qarşı qərəzli siyasətidir. Nə qədər ki, onlar Azərbaycana qarşı münasibətlərini dəyişməyiblər, əziyyət çəkəcəklər və özlərinin region siyasətləri olmayacaq”.
Qeyd edək ki, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məruzəçisi Torild Sunna Evarsdottirinson öz hesabatı ilə çıxış edib. Həmin hesabatda "Sadval” terrorçu təşkilatının üzvü Rahib Maksimov, radikal islamçı Taleh Bağırzadə və onun tərəfdarları, o cümlədən artıq həbsdən azad edilmiş sabiq səhiyyə naziri Əli İnsanovun da adı yer alıb.
Aydın