"Bu, seçkilərdən sonra Ermənistanda təzəliklə yaranan hökumətin köhnə "Myatsum” siyasətlərini müharibənin bitməsilə formalaşan yeni şəraitdə həyata keçirmək cəhdidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Xarici İşlər Nazirliyinin saxta qurumun qondarma müstəqilliyinin 30 illiyilə bağlı verdiyi bəyanatda səsləndirdiyi "Dağlıq Qarabağ xalqı, onun Azərbaycanın tərkibində qalmasını mümkünsüz edən ekzistensial təhlükə ilə üz-üzə qalmaqda davam edir” fikrinə münasibət bildirərkən deyib.
Sabiq diplomat bildirib ki, ermənilərin münaqişə dövründə müxtəlif mövqe sərgiləmələri artıq adət halını alıb:
"Onlar müxtəlif dövrlərdə xalqların öz müqqədəratını həll etmək hüququnun tərəfdarı kimi çıxış edirdilər. İkinci bir tərəfdən, iddia edirdilər ki, etnik təmizləmədən sonra torpaqlar Ermənistana birləşəcək. Bu baxımdan 44 günlük müharibədən sonra Ermənistan tərəfinin mövzu ətrafında daha real siyasət yürüdəcəyini gözləyirdik”.
Həmsöhbətimiz qeyd edib ki, gözlənilənlərin əksinə olaraq, yeni Ermənistan hökuməti də əvvəlki siyasəti yeni şəraitdə davam etdirməyə çalışır:
"Görürük ki, seçkilərdən sonra təzəliklə formalaşan hökumət köhnə "Myatsum” siyasətlərini müharibədən sonra formalaşan yeni şəraitdə həyata keçirməyə cəhd edir. Bu baxımdan Ermənistan rəsmilərinin bəyanatları da məhz buna yönəlib. Məqsədləri odur ki, Minsk qrupunun fəaliyyətini bərpa edib, orada bu və ya digər mövqelərini müdafiə etsinlər. Xarici İşlər Nazirliyindən qabaq Nikol Paşinyan da demişdi ki, Artsax siyasətlərini indi sülh şəraitində davam etdirəcəklər. Bu isə Azərbaycana qarşı İrəvanın ərazi iddialarından əl çəkmədiyi anlamına gəlir”.
T. Zülfüqarov bildirdi ki, Azərbaycanda yaşayan ermənilərə vətəndaşlıq statusundan başqa digər status verilməyəcək:
"Azərbaycanın mövqeyi bəllidir. Münaqişə bitib. Azərbaycan ərazisində qalan erməni əhalisi, o cümlədən sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə yaşayanlar heç bir statusa malik olmayacaq. Daha doğrusu, Azərbaycanda mümkün olan ən yüksək statusa malik olacaqlar. O da vətəndaşlıq statusudur. Onlara bundan yüksək status verilməyəcək”.
Rüfət Sultan