Siyasət 13:43 23.11.2022

Ermənilər Putini etirazla qarşıladı və yaxud Paşinyanın demarşı nəyə hesablanıb?

Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfəri bu ölkədə Kremlə qarşı etiraz aksiyalarının yenidən dalğalanmasına səbəb olub. Belə ki, İrəvanda Putin əleyhinə etiraz aksiyası keçirilib. Etirazçılar Putinin İrəvana səfərini boykot edirlər. Onlar əllərində Ermənistan və Ukrayna bayraqlarını daşıyaraq, Kiyevə dəstəklərini ifadə ediblər. 

Qeyd edək ki, Putinin İrəvana səfəri KTMT-nin iclasında iştirak etmək məqsədi daşıyır. Bu fonda görünən odur ki, onun bu səfəri Ermənistanda heç də birmənalı qarşılanmayıb. Erməni cəmiyyətinin əksəriyyəti Putinin gəlişinə etiraz etdiklərini ortaya qoyublar. Aydın məsələdir ki, Putinə qarşı İrəvanda baş tutan bu aksiyanın təşəbbüskarı Qərbdir. Belə ki, işğalçı siyasət yürüdən Putin hansı ölkəyə səfər edirsə, həmin ölkədə təsir gücünə malik olan Qərb orada Rusiya Prezidenti əleyhinə aksiyaların təşkil edilməsində maraqlı olur. İrəvanda Putin əleyhinə keçirilən aksiya da məhz bu məqsədə xidmət edir. 

Digər tərəfdən, Putinin İrəvan səfərindən bir gün əvvəl onun Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub. Telefon danışığında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il oktyabrın 31-də Soçidə əldə etdiyi razılaşmalar, üç ölkə arasında qəbul olunmuş əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələləri nəzərdən keçirilib. Həmçinin tərəflər arasında Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün üçtərəfli formatda görüşlərin təşkili müzakirə edilib. Telefon danışığı zamanı tərəflər enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərindən də danışıblar. 

Konfliktoloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Putinin İlham Əliyevlə telefon danışığı Kremlin sahibinin ikili oyununa işarədir. Putin bir tərəfdən Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu göstərir. Digər tərəfdən isə Putin bununla Ermənistana dəstəyi əsirgəməyəcəyini də ortaya qoyur: 



"Putinin İrəvana səfəri KTMT-nin tədbirilə bağlıdır. Yəni, planlaşdırılan səfər idi. Putin İrəvana səfər ərəfəsi hətta Azərbaycan Prezidenti ilə də telefonla danışıraq, bir növ balansı qorumaq istəyib. Bir müddət əvvəl ABŞ-ın Nümayəndələr Palatasının keçmiş sədri Pelosi İrəvana səfər fonunda açıq şəkildə bildirdi ki, Ermənisitan suverenliyinin təhlükəsizliyinin qeydinə qalmaq istəyirsə və KTMT-yə daha ümid etmirsə, o zaman ABŞ onları öz təhlükəsizlik çətiri altına ala bilər. Ondan sonra isə Paşinyanın Qərbyönümlü siyasətdə aktivliyi daha da artdı. Bu isə Moskvanı qıcıqlandırırdı. 

Putin çalışır ki, Azərbaycanla münasibətləri pozmadan, həm də Ermənistana dəstəyi əsirgəməsin. Soçi görüşündə Putin sülhməramlıların statusunun uzadılması məsələsini gündəmə gətirməklə Azərbaycana qarşı oyun oynamağa çalışdı. Ancaq İlham Əliyevin diplomatik iradəsilə qarşılaşmaları fonunda Moskva və İrəvanın bu niyyəti fiaskoya uğradı”. 

Həmsöhbətimiz qeyd edir ki, KTMT-nin İrəvan görüşündə Rusiya tərəfindən Azərbaycanla olan münasibətlərə xələl gətirmədən Ermənistanı əldən çıxarmamaq üçün müəyyən ritorikanın şahidi olacağıq:

"Ancaq bu sərt dönüş olmayacaq. Yəni, Rusiya çalışır ki, həm İrəvan ondan üz döndərməsin, həm də Bakı ilə münasibətlərdə "qırmızı xətti” keçməkdən də ehtiyatlanır”. 

Putinin səfərinin İrəvanda etirazla qarşılanmasına gəlincə, ekspert bunu Qərbin addımı kimi dəyərləndirdi: 

"Etirazçılar düşdükləri bəlanın kökündə Rusiyanın dayandığını düşünür. Onlar nicat yolunu Qərbə üz tutmaqda görürlər. Bu mənada Putinə qarşı keçirilən aksiyalarda Qərbin təsirinin olduğu da şübhəsizdir. Qərb bu ölkəni Rusiyaya qarşı aksiyalara körükləyir. Digər tərəfdən, erməni cəmiyyətinin özündə də Rusiyaya qarşı nifrət var.Putinin səfəri fonunda İrəvanda Kremlə qarşı aksiyaların keçiriləcəyi gözlənilən idi”. 

Rüfət Sultan