Xəbər lenti

Siyasət 13:48 27.06.2024

"Ermənilər Qarabağa qayıtmaq istəyirsə, azərbaycanlılar Qərbi Zəngəzura qayıtmalıdır"

"Ermənilər Qarabağa qayıtmaq istəyirlərsə, Ermənistandan didərgin salınan azərbaycanlılar da öz doğma yurdlarına qayıtmalıdırlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov keçmiş separatçı rejimin "təhlükəsizlik şurası"nın katibi olmuş Samvel Babayanın Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışdığı barədə fikirləri şərh edərkən deyib.

Tofiq Abbasov bildirib ki, İrəvan hələ bu məsələdən boyun qaçırır:

"Bu məsələləri sülh müqaviləsi çərçivəsində müzakirələr zamanı nəzərdən keçirmək lazımdır. Məsələ ikitərəfli danışıqlar mövzusuna çevrilməlidir. Onu siyasiləşdirmək olmaz, sırf vətəndaş hüquqları çərçivəsində həllini tapacaq bir məsələdir. Burada heç bir ajiotaja, süni sensasiyalara yer vermək olmaz. Odur ki, ilk növbədə deportasiyaya məruz qalan azərbaycanlıların Qərbi Zəngəzura qayıdışını tələb edirik. Qarabağdan öz xoşları ilə köç etmiş ermənilərlə Ermənistandan zorla çıxarılan, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların aqibəti eyni deyil". 
 


Ekspert bildirib ki, azərbaycanlıları Ermənistandan silah gücünə qovub, hədələyib, məhv ediblər:

"Ermənilər isə öz istəklərilə gediblər. Odur ki, bu məsələdə spekulyasiyaya yer yoxdur, bərabərlik işarəsi qoyulmayacaq. Çünki bu iki tam fərqli məsələdir".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan heç zaman bu məsələdən çəkinməyib:

"Bakı hər zaman bəyan edib ki, erməniləri qovmayıb, onlar qayıdıb yaşaya bilərlər, amma müxtəlif şərtlər əsasında. Qarabağda doğulan, ora bilavasitə aydiyyatı olanlar qayıda bilərlər". 

Ekspert deyib ki, qayıtmaq istəyənlər də müxtəlif prosedurlardan keçməlidir:

"Faktiki olaraq, onlar Azərbaycan vətəndaşlarıdır və prosedur qaydaları, qanunun tələblərinə uyğun olaraq ilk növbədə loyallıq nümayiş etdirməli, separatçılığı ümumiyyətlə yaddan çıxarmalı, bilavasitə Azərbaycan qanunlarına tabe olmalıdırlar. Ermənilər habelə ölkəmizdə yaşayan digər azlıqların, icmaların nümayəndələri kimi vəzifələrini də bilməli, borclarını danmamalıdırlar". 

Politoloq yada salıb ki, keçən əsrin 90-cı illərində Ermənistandan kütləvi şəkildə deportasiya edilən azərbaycanlılardan fərqli olaraq ermənilər qovulmayıb:

"Onlar öz xoşları ilə kütləvi şəkildə köç ediblər. Odur ki, onlar üçün xüsusi, əlahiddə rejim yaradılmayacaq. Erməni vəhşilərindən fərqli olaraq azərbaycanlılar onların əmlakını, varidatını dağıtmayıb". 

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Qarabağdakı keçmiş separatçı rejimin "təhlükəsizlik şurası"nın katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır. Bu məlumatı "Hraparak” qəzeti yayıb. 

Məlumata görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Bu fonda Babayanın adamları həmçinin bu insanların Azərbaycan hakimiyyəti altında yaşayacaqlarını deyir: "Babayan deyir ki, şəxsən özü geri dönüş karvanına rəhbərlik edəcək". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->