Qaynarinfo yazıçı Səfər Alışarlı ilə müsahibəni təqim edir.
- Səfər müəllim, "Maestro" romanınız müasir Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biridir. Hazırda həyatda olmayan dostlardan biri demişdi ki, Səfər müəllimlə bu roman haqqında danışanda dedi, elə bilirdim, "Maestro"dan sonra heç nə yazmayacam. Ona görə bütün bildiklərimi bu romanda verməyə çalışmışam. Doğrudanmı belə fikirləşirdiniz?
- Həyatda olmayan dostumuzun (Allah rəhmət eləsin!) xatırlatması məni romanın təzə nəşr olunduğu vaxtlardan da o yana, yazılan dövrünə apardı. Mən romanın yaradıcılıq prosesində baş vermiş o qeyri-adi halların bəziləri haqqında bir-iki dəfə danışmışam.
Məlumdur ki, "bu saat oturub bir əsər yazacağam” iddiası müəllif üçün heç zaman yaxşı nəticə vermir. Ancaq o dövrdə bir neçə məsələ məni daim narahat edirdi: qəzet qaçhaqaçında ciddi ədəbiyyatla məşğul ola bilməməyim, içindən keçdiyim mühüm zaman hadisələrinin açıq-aşkar təhrif olunması, gündəmi maraqlandırmayan ədəbi aləmdəki nəsr xaotikliyi. Mənə elə gəlir ki, iddiasız idim. Bunun necə alındığını özümə indi də izah edə bilmirəm. Hər şeyi görürsən, eşidirsən, dərk edirsən, səni incidən müxtəlif ehtirasların içində yaşayırsan, amma bütün bu külli-kainatı sən yalnız ədəbi material kimi qiymətləndirib lazım olanı seçirsən, lazım olmayanı kənara atırsan. Bunu çox sevdiyin, sanki müəyyən səbəblər üzündən vidalaşmağa məcbur olduğun ədəbiyyat üçün övlad borcu kimi təmənnasız edirsən. Dində buna şərdən, şeytandan uzaqlaşmaq deyirlər. Bu, ruhi vəziyyətdir, çox böyük hövsələ tələb edir. Həqiqətən fikirləşirdim ki, bunu sonuncu əsər kimi yazıram: bu ölkədə ədəbiyyat heç kimə lazım deyil, ədəbiyyatı bu ölkənin qasığından kor bağırsaq kimi kəsib çıxarıblar. Yazıb gedərəm balalarıma çörək qazanmağa. Bu məyusluq və apatiya məni tələsməkdən, yazdığımı tezbazar çap etmək kimi əhli-qələm mərəzindən qoruyurdu. Hiss edirdim ki, elə ilk variantlardan nəsə alınır. Şöhrətpərəstlik dalğasında gələn hər hansı sevinc hissini içimdə boğurdum. Hərdən tənhalıqdan və çarəsizlikdən doğan bu yersiz qəddarlıq kefimi pozurdu. Onda müxtəlif qeyri-ədəbi işlərlə yazdıqlarımı müəyyən qədər unutmağa çalışırdım. İçimdə bir ədəbiyyat işığı gecə-gündüz yanırdı. Mən o işığı sevinclərimi boğduğum balaca otaqda gizlədirdim. Heç kimə göstərmirdim. Allı-güllü təyinlər, bənzətmələr, ədəbi məntiqin bədii əsaslandırmaları uzun cümlələrin musiqili ahəngində öz-özünə axıb gəlirdi. Arada realizmdən bezəndə fantasmaqorik səhnələr-zad uydurub yazırdım ki, həm özüm əylənim, həm də oxucunu darıxmağa qoymayım. Bir növ, yazdıqlarımla yüngülvarı məzələnirdim ki, "literaturşina” xəndəyinə, yəni ədəbiyyatabənzər şeylərlə dolu xəndəyə yuvarlanmayım.
Doğrudan da, o vaxtacan həyatıma dəxli olan, yaddaşımda iz buraxan çox şeyləri romana sığışdırmağa çalışırdım. Fikirləşirdim ki, romanın yazılışı 5-6 il çəkər. Ancaq 3 il çəkdi. Mən onu, demək olar ki, əzbər bilirdim. Yazdım, qoydum sandığa və durumum xeyli pisləşdiyinə görə ailəmi də götürüb köçdüm Rusiyaya. Məşhur rus bəstəkarı Mixail Qlinkanın 19-cu əsrin ortalarında Rusiyanı tərk edib Almaniyaya mühacirətə gedərkən sərhəd şlaqbaumu önündə lüt soyunduğunu bilirdim. Ancaq mən elə eləmədim. Belə şeylərdə avropalılar özlərini necəsə sığortalaya bilir, biz, yetimlərin hər işi örkənlə doğanaq məsəlindəki kimidir. Elə mənim Almaniyaya yox, Qlinkanın lüt soyunub tərk etdiyi Rusiyaya köçməyim bunun daha bir sübutu deyildimi?
Üç ilə yaxın orada yaşadım. Doğrusu, pis də olsa, qayıtmaq fikrim yox idi, 2003-ün sonunda qardaşımın toyuna gəldim və toydan sonra geri dönməyə həvəsim qalmadı. Özümlə romanın orada yazdığım balaca bir parçasını da gətirmişdim.
O, həmin "ikinci xətt” dediyiniz tarixi hissəyə - Hülakü xana aid parça idi. Onu mən Yaroslavl vilayət kitabxanasının oxu zalında yazmışam. Maraqlı tarixçəsi var, başqa bir vaxt xatırlayaram. Əlavə edib göndərdim çapa. Çapdan əvvəl bir dostuma oxumağa vermişdim. Xeyli vaxt görüşə bilmədik. Kitab çıxanda görüşdük, dedi, çox yaxşı bir roman yazıbsan. Bu, romana verilən ilk qiymət idi. İndi roman məndən ayrı öz həyatını yaşayır. Mən ona üçüncü oğlum kimi baxıram. Şükür, itib-batmayıb, hərdən səs-sədasını eşidirəm.
Ancaq göründüyü kimi, o mənim sonuncu romanım olmadı. Sonralar daha bir roman (çap olunmayıb), povestlər, hekayələr yazdım. Niyə yazdım? Çünki gördüm ki, mən bu dünyada hər şeyə - ən gülməli, ən faciəvi, ən ciddi hadisələrə də ədəbiyyatın gözü ilə baxıram. Gördüm ki, bu dünyada insanın görməli olduğu yeganə bir iş varsa, o da nəsə yazmaqdır. Qalan şeylər ikinci dərəcəlidir. Dostumuz Rasim Qaraca deyir ki, bəzən yazmamaq ədəbiyyata yazmaqdan daha böyük xidmətdir. Onunla razıyam. Ancaq "bəzən” bu işdə mənə hələ müəyyən ümid verməkdə davam edir.
- Romanın tirajı bitib. Oxumaq istəyənlər var, tapa bilmirlər. Əsərin yenidən nəşri haqqında düşünürsünüzmü?
- Bir dəfə məşhur şəxsə mənsub olduğu söylənən bir nəşriyyatdan dedilər ki, "Maestro” romanını çap etmək istəyirlər. Mən də ölkədə əsl naşirlərin professional tərəqqisinə, hətta qonorara-zada ümidlənib elektron variantı göndərdim. Məlum oldu ki, bunlar ədəbiyyat biliciləri yox, adicə mətbəə məhsulu alverçiləridir, nəinki ədəbiyyatdan, heç dünyadan xəbərləri yoxdur.
- Səfər müəllim, belə bir fikir var ki, siz elitar dildə, şəhər estetikasında yazırsınız. Sizcə, şəhər ədəbiyyatı, kənd ədəbiyyatı bölgüsü varmı? Mətnin dili bir əsər üçün nə dərəcədə əhəmiyyətlidir?
- Nə vaxtsa, yaradıcılığın ilk mərhələlərində mənə elə gəlirdi ki, ədəbiyyat kütləvi oxucu üçün yazılırsa, orada hər şey hər kəsə aydın, əqli və estetik cəhətdən çatıcı olmalıdır. Bu prinsip özlüyündə müvafiq üslub, dil qatı, leksika və sintaksis tələb edirdi. Mən də əsasən kənd mövzusunda yazdığım hekayələrdə o tələbləri yerinə yetirməyə çalışırdım. Məsələn, rus ədəbiyyatında Şukşini götürsək, onun bir-birindən gözəl hekayələrində dil materialı kəndli təfəkkürünün ifadə formasında yoğrulub. Yadımdadır ki, mən hələ tələbə vaxtlarımda onu çox oxuyanda eynitipli altaylı, məzmunca türk, formaca rus olan bu qəhrəmanların hamısının, demək olar ki, eyni mənəvi hündürlüyü dəf etməsindən bezdim. Ancaq götürsək, onun müasirləri Kimi, Trifonovu, Makanini və başqalarını, görərik ki, burada qəhrəmanlar fərqlidir və ədəbi dil sintaktik normalar çərçivəsində son həddə cilalanıb. Bugünkü rus yazıçılarında – Pelevin, Sorokin, Seqen, Tolstaya və başqalarında dil daha dinamik leksik tərkiblərə və üslublara nüfuz edərək orada ədəbiyyat üçün yeni qatlar və formalar açır. Dilin dinamikliyi yaşam reallığına bağlıdır. Ümumstatik kəndli dili ilə şəhər mühitinə, orada cərəyan edən hadisələrə yanaşmaq bir qədər çətindir. Qəhrəmanın şəhər adamı, ziyalı olmağı, əlbəttə, özünə müvafiq leksikon və üslub tələb edir. Kənddə də, şəhərdə də yazıçı qələmi üçün həmişə maraqlı obrazlar var. Onları görmək, tapmaq, yeni tipaj kimi kəşf edərək xarakterləri müəyyən mənəvi dinamikada vermək böyük istedad tələb edir. Məncə, şəhərlə kənd arasında maddi, sosial fərq azaldıqca mədəni və mənəvi fərq də azalır. Bugünkü kənd elmi-texniki tərəqqinin verdiyi bütün nemətlərdən şəhər qədər bəhrələnməyə başlayıb. Buna biz dövlət müstəqilliyi nəticəsində nail olmuşuq. Ancaq heç bir tərəqqi itkisiz ötüşmür: mədəni intervensiyanın avanqardını təşkil edən internetin təsiri ilə kənddə də patriaxal icma və ailə münasibətləri yavaş-yavaş dağılır. Bu metamorfozalar sevinclə bərabər kənd insanına faciə də gətirir. Mən bəzən bədbincəsinə düşünürəm ki, yazmaqla buna necəsə kömək etmək mümkün deyil. Ailəyə, icmaya, cəmiyyətə soxulan faciələrin qarşısını yalnız sosial ədalətli, demokratik dövlət quruluşunun yaradılması ilə almaq olar. O ki qaldı bunların bədii inikasına, hər dövrün öz qəhrəmanı var. Zənnimcə, o ədəbi qəhrəman real həyat axarından nə çox geridə qalmalı, nə də çox irəli qaçmalıdır. Dostoyevskinin qəhrəmanlarından biri özünü və özü kimi (guya) mənəvi qida mənbəyi olan cəmiyyətçiləri nəzərdə tutaraq deyirdi ki, bizdən bütün Rusiyada çox olsa min nəfər olar, artıq yetirməyə ölkənin gücü çatmır. Dostoyevskinin bir neçə romanında rus cəmiyyəti üçün hələ rüşeym halında olan obrazların kəşfi var. Bizdə də bu gün kapitalizmin inkişafı belə milli obrazların yaranmasına və onların bədii inikasına yol verir. Doğrudur, bu obraz prototipləri daha çox mənfi məzmunludur, ancaq ədəbiyyat onları neqativdən təmizləyərək əks etdirə bilər.
- Səfər müəllim, yazıçı Əkrəm Əylisli Qaynarinfo-ya müsahibə verəndən, Anar haqqında fikirlər səsləndirəndən sonra AYB sədri ona cavab verib və belə fikir bildirib ki, siz vaxtilə Əkrəmlə birgə AYB-də çevriliş etmək istəmisiniz Bu nə dərəcədə həqiqətdir?
- Yəqin söhbət AYB-nin 1990-cı il qurultayından gedir. 20 Yanvar qırğınından sonrakı dövr idi. O vaxt Azərbaycan xalqı yiyəsiz qalmışdı. Ölkədə legitim hakimiyyət olmadığına görə həm yuxarıda, həm də aşağıda hərc-mərclik baş alıb gedirdi. Qarabağ müharibəsində məğlubiyyətlər seriyası yaşanırdı, Moskvanın ermənilərə hərtərəfli havadarlığı, bizim ölkəyə qarşı törətdiyi təxribatlar Azərbaycanda hər şeyi alt-üst edirdi. Belə bir vaxtda biz istəyirdik ki, Yazıçılar İttifaqı milli, mənəvi müdafiə mərkəzi rolunu oynasın. Bu haqda açıq müzakirələrimiz çox olurdu. Rəhmətlik Ağamalı Sadiq Əfəndidən başqa bütün həmfikirlərimiz, şükür, sağ-salamatdır. Gündəm hər kəsdən mövqe tələb edən irili-xırdalı məsələlərlə daim dolu olurdu. Məsələn, o cür bir vəziyyətdə Yazıçılar İttifaqında 20 Yanvar qırğınına etiraz olaraq atılmış partbiletlərin geri götürülməsilə bağlı iclas çağırılmışdı. Kimlərsə öz biletini geri götürdü, əksəriyyət götürmədi. Əkrəm Əylisli Yazıçılar İttifaqının katibi idi. Hamı bilir ki, o, həmişə kütlə hərəkatını, xüsusilə ədəbi mübarizədə ura-patriotik birləşmələri-filanı rədd edib. "Azərbaycan” jurnalının illik 12 nömrəsini keyfiyyət baxımından orta standartlı ədəbi məhsulla doldurmağa gücü çatmayan camia, mən bilən, ona həmişə qorxunc görünüb. Qurultayda isə katibliyə artıq təsdiq olunmuş namizədlərdən biri kimi Çingiz Abdullayevin adının çəkilməsi çox gözlənilməz olduğu üçün biz mövqeyimizdən çəkilmədən sərt çıxışlar etdik. Qalan məsələlər açıq səsvermə yolu ilə həll olundu. Gizli heç nə yox idi.
- Ümumiyyətlə, yaradıcı birliklərin indiki formada və dotasiya ilə yaşamasına ehtiyac varmı?
- Bu haqda çox danışılıb. Forma, idarəçilik, əlbəttə, dəyişilə bilər. Mən dövlətin mədəniyyətə, o cümlədən Yazıçılar Birliyinə indikindən on dəfə artıq vəsait ayırmasının tərəfdarıyam. Müasir dünyada hər şey mədəniyyətə bağlıdır: tibb mədəniyyəti, müharibə mədəniyyəti, əkinçilik mədəniyyəti və s.
- Müasir Azərbaycan ədəbiyyatından kimləri oxuyur və qiymətləndirirsiniz?
- Müasir ədəbiyyatımızdan əlimə nə keçsə, oxuyuram. Yazıçının mövzusu, üslubu, dili, obraza və feilə münasibəti məni qane etməyəndə mütaliə çətinə düşür. Axıradək oxuduğum müəlliflər elə də çox deyil.
- Səfər müəllim, bir müddət televiziyada rəhbər vəzifədə işləmisiniz. O vaxtkı televiziya ilə indini müqayisə edəndə hansı geriləmlər, yaxud irəliləyişlər var?
- Televiziya informasiya ötürücüsü və əyləncə vasitəsi olaraq əvvəlki deyil. İnternetə bağlı telefonlar televiziyanın belini qırıb. O biri tərəfdən pul verən hakimiyyətin TV-lərdən umacağı da artıb. Əvvəl bir TV vardı, onun da pulunu dövlət verirdi. İndi on TV var, onların hamısının pulunu hakimiyyət verir. Televiziya xalqla dövlət arasında bir zirvədir, orada sabit dayanmaq hər oğulun işi deyil. Bizim TV rəhbərləri 10-15 il bir kresloda otururlar. Yəni bu illər ərzində hakimiyyətlə ümumxalq mənafeyi arasında bir dəfə də olsa, prinsipial məsələ yaranmır? Bu, mümkün deyil.
- Ukraynaya dəstək aksiyasında maraqlı bir fotonuzu gördüm. Ümumiyyətlə, bu müharibə haqqında fikirləriniz maraqlı olardı.
- Mən bu müharibə haqqında imkanım çatan hər şeyi izləyirəm. Bu, bəşər tarixinin ən ədalətsiz müharibələrindən biridir. Müharibə təkcə təcavüzkar Rusiya və özünü müdafiə edən Ukrayna arasında getmir. Bu, Avropa və Asiyanın şər imperiyası olan Rusiya asılılığından qurtuluşu uğrunda gedən böyük dünya savaşıdır. Onun müəllifləri və ideoloqlarından bəzilərinin adlarını çəkmək mümkündür: Lukaşenko, Jirinovski, Mixalkov və tanımadığımız yüzlərlə rusofil ziyalı, hərbçi. Onlar 160 milyon nökəri və böyük ərazilərə, gözəl klimata malik ucuz xammal bazalarını itirdiklərinə peşman olaraq bu müharibəni başlayıblar. Putin ideoloq deyil, icraçıdır. O, SSRİ-2 yaratmaq istəyində daha çox şəxsi maraq güdürdü: tarixdə qalmaq, ailəsini və topladığı sərvəti qorumaq, özü üçün "böyük milli lider” qocalığını təmin etmək. Ancaq təcavüzkar bu müharibədə biabırcasına məğlub olur. Mənə elə gəlir ki, Rusiya dövlətinin bugünkü çöküşündə hakimiyyətin bir sıra vacib nöqtələrinə yiyələnmiş ermənilərin çox ciddi marağı var. Onlar yeni Stalin axtarışına çıxmış Rusiyada hakimiyyəti ələ keçirmək istəyirlər. Onlar bunu bacarır, vaxtilə Qacarların da, Osmanlının da çöküşündə çox böyük rol oynayıblar.
Ancaq regionda böyük türk xalqı və onların yaxşı-pis inkişafda olan dövlətləri var. Çox güman ki, Rusiya tezliklə Qara dənizi də, Xəzər dənizini də tərk etməli olacaq və qədim türk arealında böyük dəyişikliklər baş verəcək.
Ağa Cəfərli