Bu gün Azərbaycanda akreditə olunmuş hərbi attaşelər, o cümlədən ATƏT-incəbhədə fəaliyyət göstərən monitorinq qrupu Ermənistan silahlı birləşmələri tərəfindən Tərtərin təmas xəttinə yaxın yerləşən Əskipara kəndi ərazisinə atılan fosfor mərmisinin düşdüyü əraziyə baxış keçirib.
ANS-in məlumatına görə, mərminin düşdüyü yer ANAMA-nın çevik əməliyyat qrupu tərəfindən təcrid olunduqdan sonra 11 ölkədən 20 hərbi mütəxəssisin iştirak etdiyi nümayəndə heyətinə ağ fosforlu top mərmisinin xüsusuiyyətləri izah edildi. 3 metr dərinlikdə aşkarlanan mərminin daşınması mümkün olmadığından yerindəcə zərərsizləşdiriləcəyi bildirildi.
Ağ fosfor mərmisinin xüsusiyyətlərindən biri də hava və günəş şuası ilə təmas edən zaman alışma baş verməsidir. Bu səbəbdən də ANAMA-nın çevik əməliyyat qrupu tərəfindən üzəri palçıqla örtülüb.
ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəsisi Adil Aslanov bildirdi ki, mərmi partlayış yolu ilə zərərsizləşdirildikdən sonra ərazidə təmizləmə işləri aparılacaq: "Hal-hazırda gördüyümüz sursatın yandırıcı və zəhərləyici toksit maddələr tərkibində olduğu üçün beynəlxalq konvensiyalarla mülki əhaliyə qarşı istifadəsi qadağan olunub. Bunun bir xüsusiyyəti ondan ibarətdir ki, 300-350 metr radiusda ərazini əhatə edir".
Hərbi attaşeləri müşayiət edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər Ermənistan tərəfinin Azərbaycanı nüvə silahıyla vuracağı ilə bağlı bəyanatını da cavabsız qoymadı:
"Bu çirkli bomba kimi məhşur olan bir silahdan söhbət gedir. Bununla əlaqədar olaraq Azərbaycan respublikası Atom Enerjisi üzrə Beynəlxalq agentliyə və BMT-nin Təhlükəsizlik Şurasına müraciətlər hazırlanıb və əlavə faktların da toplanması aparılır".
Daha sonra fosfor mərmisi elə xarici nümayəndə heyətinin gözü qarşısında partladılma yolu ilə zərərsizləşdirildi.
Qaynarinfo.az



