"10 Noyabr və 11 Yanvar bəyannaməsindən irəli gələn müddəaların fundamental həllinə Ermənistan üzərində ciddi təzyiq mexanizmləri yaratmaqla nail olmaq olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri 2021-ci ilin 11 yanvarında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada imzalanan üçtərəfli bəyanatdan keçən bir il ərzində nələrin dəyişdiyinə münasibət bildirərkən deyib:
"11 Yanvar bəyannaməsi əsasən kommunikasiyaların açılması kontekstində İşçi qrupunun və onun alt qruplarının yaradılmasını özündə ehtiva edir. Məhz alt qruplar prosesin irəli getməsini təmin etməli və prosesin detallaşdırılmasını İşçi qrupa, onlar da xarici işlər nazirləri və baş nazirlərin müavinləri kontekstində müzakirə predmetinə çevirməli idilər. Keçən il martın 1-nə kimi də bu proses tamamlanaraq dövlət başçılarına təqdim olunmalı idi”.
Həmsöhbətimiz həmin bəyannamədən keçən bir ili xarakterizə edərək bu qənaətə gəlir ki, İrəvan və Moskva bu razılaşmadan irəli gələn müddəaları da sabotaj etməklə məşğuldur:
"Bu günə qədər dövlət başçılarına hesabat xarakterli hər hansı bir detallaşdırılmış və razılaşdırılmış sənəd təqdim olunmayıb. Bu onu göstərir ki, Ermənistan prosesi sabotaj etməklə zaman qazandığı kimi, Rusiya da eyni addımı atır. Rusiya prosesi gərgin müstəvidə saxlamaqda maraqlıdır. O sülh müqaviləsinin bağlanmasını istəmir”.
Ona görə də ekspertə görə, Azərbaycan irəliləyişə nail olmaq üçün təzyiq mexanizmlərindən istifadə etməklə özü proses yaratmalıdır:
"Azərbaycanla Türkiyənin Ermənistana doğru atdıqları güzəştli addımlar İrəvanı daha rahat vəziyyətə salır. Qazaxıstana müdaxilə ilə bağlı KTMT-nin toplantısında Paşinyan qurumun Azərbaycan Ermənistan sərhədinə cəlb olunmasına işarə vuran bəzi vurğular etdi. Bu faktların özü də göstərir ki, Ermənistan hələ də ağıllanmayıb. Ermənilərlə hər hansı şifahi və ya yazılı şəkildə əldə olunan razılaşmalar heç nə ifadə etmir. Ona görə də hər zaman "domokl qılıncı” Ermənistanın boynunun arxasında olmalıdır. Yoxsa, İrəvanın ərköyünlüyü həm də Rusiyanın bölgədə qalması marağına cavab verir”.
Rüfət Sultan