"Son hadisələr onu göstərir ki, Rusiya Qarabağ məsələsində Qərbin irəli sürdüyü təklifləri, sülh müqaviləsinin imzalanmasını qəbul etmək istəmir".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib. O, bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh olması istəmir:
"Çünki sülh Cənubi Qafqazda təşəbbüsün Rusiyanın əlindən çıxması deməkdir. İyulun 15-də Brüsseldəki görüş zamanı Rusiyanın Xarici İşləri Nazirliyi sülh müqaviləsi ilə bağlı çox qeyri-müəyyən və mücərrəd bəyanat verdi, sülh müqaviləsinin imzalanmasına narazılığını ifadə etdi. Rusiya xarici işlər nazirinin ötən gün açıqladığı sülh müqaviləsinin imzalanmasının tez olması və bu sözləşmənin regionda yeni problemlər və fəsadlar törədəcəyini deməsi, Rusiyanın Qarabağ məsələsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə tutduğu mövqeyi bir daha diqqətə çatdırdı. Rusiya artıq özünü gizlədə bilmir. Bir daha təsdiqləndi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında başlıca maneə Rusiyadır".
"Bu onu sübut edir ki, Qarabağdakı həmin ərazini Rusiya özününkü olaraq saxlayır ki, Azərbaycana qarşı təzyiq etmək imkanlarını artırsın"
Ekspert qeyd edib ki, Rusiya Qarabağı özününkü sayır:
"Moskva Ermənistanda qoşun saxladığı kimi sülhməramlı adı altında Qarabağda da qoşun saxlayır. Bu qoşun oradakı bir qrup ermənini qanunsuz olaraq silahlandırır və Azərbaycana qarşı silahlı dəstə formalaşdırır. Digər tərəfdən, Qarabağda yaşayan, bizim vətəndaşımız sayılan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olur. Sülhməramlılar həmin ermənilərlə Azərbaycan cəmiyyəti, Azərbaycan hakimiyyəti arasında çəpərdir, maneədir, əngəldir, baryerdir. Onlar ermənilərin təhlükəsizliyini təmin etmək adı altında ərazidə əslində Azərbaycan cəmiyyəti ilə ermənilər arasında maneə olaraq durublar ki, bunlar bir-birinə yaxınlaşmasınlar. Bu da onu sübut edir ki, Qarabağdakı həmin ərazini Rusiya özününkü olaraq saxlayır ki, Azərbaycana qarşı təzyiq etmək imkanlarını artırsın".
"Bu, Rusiyanın Azərbaycan ərazisindən birdəfəlik hərbi qüvvə kimi çıxması, təsir imkanlarının azalması deməkdir, amma Moskvaya sərf etmir"
Sədrədddin Soltanın vurğulayır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağı halda Qarabağdakı belə məsələlər aradan qalxa bilər:
"Bu, Rusiyanın Azərbaycan ərazisindən birdəfəlik hərbi qüvvə kimi çıxması, təsir imkanlarının azalması deməkdir, amma Moskvaya sərf etmir. Çünki bu hadisələr perspektivində Rusiyanın Ermənistan, Gürcüstanın ərazisindən çıxması, bir sözlə, Cənubi Qafqazdan getməsi deməkdir. Rusiya isə Cənubi Qafqazı itirmək niyyətində deyil. Odur ki, Rusiya bütün imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmağa çalışır".
Siyası şərhçi onu da bildirib ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşləri keçirildiyi gün Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat verərək mövcud problemləri açıqladı:
"Həmin görüşdə Qarabağ ermənilərinin Rusiyadan asılılığının azalması təklifi irəli sürüldü. Bu həm də Rusiyaya mesajı idi. Odur ki, Rusiya daha çox revanşistləri dəstəkləyir. Revanşistlər kimdir? Müxalifət adı altında fəaliyyət göstərən Ermənistanın keçmiş prezidentləri Köçaryan, Sarkisyan, Milli Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və vəzifələrini itirmiş şəxslər. Bunlar isə zamanında Rusiyanın regionda irəli sürdüyü, həyata keçirmək istədiyi planların icraçısı olublar. Ona görə də hesab etmirəm ki, Rusiya Qarabağda ikinci bir cəbhə açıb Azərbaycana qarşı ermənilər vasitəsi ilə müharibəyə girişsin. Çünki bu, Rusiyanın onsuz da yaxşı olmayan beynəlxalq aləmdəki vəziyyətini daha da gərginləşdirə bilər. Həmçinin, Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığa dair müqavilənin pozulması deməkdir və Rusiyanın beynəlxalq tərəfdaş kimi nüfuzdan düşməsinin göstəricisi sayıla bilər.
Regionda bəlli bir məsələ var. Əgər "tüfəng xalçanın üstündən asılıbsa, o, mütləq açılacaq”. Yəni, müharibə ehtimalı həmişə regionda "Demokl qılıncı" kimi var və olacaq. Cənubi Qafqaz regionunda müharibənin olmayacağını o vaxt söyləmək olar ki, Azərbaycan və Ermənistan arasında münasibət normallaşsın, sərhədlər müəyyənləşsin, yəni sülh müqaviləsi imzalansın, Qarabağdakı Azərbaycan vətəndaşı sayılan ermənilər iddialarından əl çəksin, separatçılar cəzalansın, Rusiya regiondan çıxsın. Bu halda Cənubi Qafqazda sülhdən, dinclikdən danışmaq, müharibə ehtimalının sıfıra yaxın olduğunu demək olar".
Röya Kərimli