Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Azərbaycan SSR sərhədlərində tanımağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2022-ci il üzrə hesabatını təqdim edərkən
deyib.
"Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman real olar ki, hər iki ölkə birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan bir-birinin ərazi bütövlüyünü tanısın və bu gün və əbədi olaraq bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürsün", - Paşinyan bildirib.
O bu barədə Azərbaycan prezidenti ilə Praqa və Soçi görüşlərində razılaşdığını bəyan edib.
"Həm İrəvandan, həm də Bakıdan qarşı tərəfin razılaşmalara əməl etməməklə bağlı rəsmi bəyanatlar var. Mən bir daha bəyan etmək istəyirəm ki, Ermənistan ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycanın da eyni addımı atmasını, Ermənistan SSR-nin ərazisini Ermənistanın ərazisi kimi tanımasını gözləyir”, - deyə o bildirib.
Paşinyan bildirib ki, Azərbaycanın danışıqlar zamanı Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil.
"Ermənistan, ərazi bütövlüyünün əsası kimi Ermənistan və Azərbaycan SSR-in SSRİ-də hazırlanmış xəritələrin müqaviləyə əlavə edilməsi təşəbbüsü ilə özü çıxış edib”, - Paşinyan deyib.
Nizami Bağırov