"Xarici dəstək olmasa, Ermənistan iqtisadiyyatının 44 günlük müharibədən sonra özünə gəlməsi asan görünmür”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert qeyd edib ki, Ermənistanda çox dərin problemlər var:
"İndi Ermənistanda siyasi böhrandır. Bu böhran necə nəticələnəcək? Bu hadisələrdən öncə Paşinyan komandasının bir planı vardı, deyirdilər ki, xarici investorlar cəlb olunacaq. İndi Ermənistana müharibədən sonra xarici investorlar gələcəkmi? Ciddi sullar var. Çünki Ermənistanda qeyri-sabit və siyasi çəhətdən hər zaman dəyişə biləcək vəziyyət var”.
Natiq Cəfərli Ermənistanda demoqrafik problemlərin getdikcə artacağını vurğulayıb:
"Həm o işğalçı siyasətin nəticəsində Azərbaycan ordusu tərəfindən Azərbaycan torpaqlarında məhv edilən insan sayı kifayət qədər çoxdur. Bu da demoqrafiyaya ciddi təsir göstərəcək. Müharibədən sonra gələn ildən başlayaraq Ermənistandan köç daha da sürətlənəcək. Zamanla bu sürətin daha da artması gözlənilir. Onsuz da Ermənistanda yaşamaq istəyən insanların sayı az idi. Bundan sonra isə müharibəni bəhanə edib ölkədən qaçanların da sayı artacaq. Müharibə qaçqınları kimi Avropa və Amerikaya üz tutanların sayı artacaq. Bütün bunları bir yerə cəm edəndə görünən odur ki, Ermənistan iqtisadiyyatı uzun illər düşdüyü durumdan çıxmaq üçün çətinliklər çəkəcək”.
Natiq Cəfərli qeyd edib ki, xarici dəstək olmasa, Ermənistan iqtisadiyatının özünə gəlməsi asan görünmür:
"Xarici dəstəkdən məhrum olsalar, yaxud da bu dəstək geciksə, Ermənistan iqtisadiyyatın özünə gəlməsi çətin görünür”.
Bahar Rüstəmli