Xəbər lenti

Ermənistan niyə silahlanır və ya yeni müharibə ola bilərmi? (ŞƏRH)
Siyasət 13:48 04.10.2024

Ermənistan niyə silahlanır və ya yeni müharibə ola bilərmi? (ŞƏRH)

"Ermənistan nə qədər silahlansa da, Azərbaycana hücum etməsi real deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ermənistanın sürətlə silahlanması və bu silahların sınaqlarını keçirməsi fonunda münaqişənin yenidən alovlanması ehtimalından danışarkən deyib.

İbrahim Rüstəmli bildirib ki, Ermənistanın sürətlə silahlanması ilk növbədə daxili auditoriyaya hesablanmış jestdir: 

"44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın bütün hərbi infrastrukturunu sıradan çıxardı və onu iflic vəziyyətə saldı. Bu ordunun yenidən qurulması üçün yeni silahların alınması zərurətə çevrildi. Ermənsitanın öz ordusunu gücləndirməsi o demək deyil ki, Azərbaycan kənardan ona müşahidəçi qismində baxacaq. Azərbaycan nəinki bu əsrin hətta, XXII əsrin döyüşlərinə də hazır vəziyyətdə olmalıdır. Ona görə də Azərbaycan müstəqil dövlət olaraq daim öz ordusunu gücləndirməlidir. Hər il bunun üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır və bu vəsait daim artır. Azərbaycan dünyanın 30-dan çox ölkəsilə hərbi sahədə müxtəlif əlaqələr qurub. Bu sırada aparıcı mövqeləri isə Türkiyə, İsrail və Pakistan tutur".
 


Ekspert qeyd edir ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycan dünyada artan siyasi nüfuzu və iqtisadi imkanlarından bəhrələnərək, daha güclü silahlara sahib olur və olmaqda davam edəcək:

"Düşmən Azərbaycanı özündən zəif hiss etməyincə, heç zaman ölkəmizə hücum etməyəcək. Sadə Ermənistan vətəndaşı üçün Qarabağ məsələsi ağır və ciddi bir yükdür. Sadə ermənilər Qarabağ qayğısı ilə yaşamır. Onlar çörək, yaşamaq qayğısı ilə üz-üzədirlər. Bütün bunlar ona gətirib çıxarır ki, Ermənistan nə qədər silahlansa da, hərbi güc müstəvisində Azərbaycana çata bilməyəcək. Azərbaycanın hərbi cəbhəxanası daim genişləndirir, öz Ordusunun döyüş qabiliyyətini daim artırır. Bu kontekstdən yanaşsaq, Ermənistanın Azərbaycana hücum etməsi real görünmür. Amma ehtiyatı da əldən verməməliyik. Ermənistanın arxasında dayanan ölkələr var".
 
Qeyd edək ki, Ermənistan ordusu Hindistandan gətirilən 155 mm/52 kalibrli ATAGS yedəkli haubitsalarının sınaqlarını başa çatdırıb. Erməni mənbələrinin məlumatına görə, haubitsalar ölkənin müxtəlif bölgələrində keçirilən bütün qoşun sınaqlarından keçib. Görünən odur ki, Ermənistan sürətlə silahlanır və bu silahların sınaqlarını keçirir. Sürətlə silahlanma isə münaqişənin yenidən alovlanmasına yol aça bilər.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->