Xəbər lenti

Ermənistan Tavuş bölgə əhalisini niyə evakuasiya etmək qərarı verib? (TƏHLİL)
Siyasət10:18 23.08.2021

Ermənistan Tavuş bölgə əhalisini niyə evakuasiya etmək qərarı verib? (TƏHLİL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Uzun müddətdir ki, orada ermənilər işğal olunmuş ərazilərdən özlərinki kimi istifadə edirdilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını şərh edərkən deyib. Politoloq bildirib ki, hər yerdə olduğu kimi sərhəd bölgəsinin də xüsusi rejimi olur:
"Əhali, bəzi ərazilərdən kənarda yaşamalıdır. Məsələn, onlar bizim torpaqlarda heyvan otarırdılarsa, indi bunun bir zolağı olmalıdır. Buna təhlükəsizlik zolağı deyirlər. Bəlkə də bunlarla əlaqədardır. İkincisi, orada Qazaxın hələ də azad olunmamış 7 kəndi var. Bu baxımdan bəlkə də orada hansısa işlər görülür və s. Əslində bu məsələ gecikib. Yadınızdadırsa, bu mövzu hələ də 10 Noyabr bəyanatında da öz əksini tapıb. Bəyanatın birinci versiyasında göstərilirdi ki, Qazax kəndləri azad olunmalıdır. Amma sonra bunu çıxardıblar və belə izah ediblər ki, hələ Ermənistan ictimaiyyəti çox narahat olmasın deyə sonraya qalıb. Amma vaxt gəlib çatıb, məsələ həllini tapmalıdır”.   
"Müharibədən sonra Azərbaycan işğal dövründə irəli çəkilmiş dövlət sərhədinin böyük hissəsini de-fakto təmin edib, nəticədə ermənilərin "sərhəd kəndləri” dedikləri ərazilər ya bizim ordumuzun nəzarətinə keçib, yaxud da neytral zonaya çevriliblər” - bu sözlərini isə siyasi şərhçi Asif Nərimanlı deyib. Ona görə, əsas diqqətçəkən məqamın evakuasiya qərarının hansı bölgə ilə bağlı verilməsidir: 
"Bu baxımdan, sərhəd istiqamətində əhalinin köçürülməsi zaman-zaman gündəmə gəlir. Lakin burada diqqətçəkən məqam evakuasiya qərarının sərhədin bərpa olunduğu Zəngilandan Laçına qədər bölgə ilə bağlı yox, Tavuş bölgəsi ilə bağlı olmasıdır. Tavuş istiqamətində dövlət sərhədinin müəyyənləşməsi hələ də qalır. Məhz buna görə prosesin Qazaxın 7 kəndi ilə bağlı olduğu ehtimalı önə çıxır.
7 kəndin, o cümlədən, Sədərək rayonunun Kərki kəndinin qaytarılması məsələsinin 10 Noyabr üçtərəfli razılaşmasında əksini tapdığı, son anda gündəmdən çıxarıldığı haqda məlumatlar var idi. Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general Movses Hakobyan bildirirdi ki, üçtərəfli razılaşma zamanı Ermənistan hakimiyyətinin yükünü azaltmaq üçün bu kəndlər sonraya saxlanılıb.
Hazırda sərhədlərin delimitasiyası və demarkasiyası prosesi gündəmdədir. Bu prosesin SSRİ xəritəsinə uyğun aparıldığını bilirik və bu xəritələrə görə, Qazaxın işğal altındakı kəndləri qaytarılmalıdır. Avqustun əvvəlində Rusiya sərhədçilərinin Əskipara kəndinə yerləşdirildiyi faktı Ermənistan tərəfindən rəsmən təsdiqləndi. Rus hərbçilərin bura gəlişinin iki səbəbi var: birincisi, bu istiqamətdə sərhədin delimitasiyasını həyata keçirməkdir, görünür, Rusiya Ermənistan hakimiyyətinin Kəlbəcər istiqamətində yaratdığı maneələrin burada yaranmasını istəmir, bu istiqamət İrəvan üçün həm də prosesin ən ağrılı tərəfi olacaq; ikincisi, Rusiyanın istədiyi Qazax-İcevan yolunun təhlükəsizliyini təmin etməkdir.
Rusiya və Ermənistan da anlayır ki, kommunikasiyanın açılması üçün öncə sərhədlərin delimitasiyası prosesi həyata keçirilməlidir. Kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpa edilməsi də sərhəd məsələsinin masada müzakirə edidiyi versiyasını gücləndirirdi. Bütün bunların fonunda Tavuş rayonun qubernatorunun evakuasiya ilə bağlı qərarı təsadüfi deyil. Onu da qeyd edim ki, belə qərar digər sərhəd bölgələri ilə bağlı qəbul olunmayıb. İstisna deyil ki, kəndlərin boşaldılması gündəmdədir. Lakin məhz bu istiqamətdə toqquşmanın olması da mümkündür. Çünki Paşinyan hətta kəndlərin təhvil verilməsini istəsə belə, sərhədin müəyyənləşməsi məsələsi bunu qaçılmaz edir, daxili narazılığı nəzərə alaraq, bunu masada etmək istəməyə bilər. Yəni o istiqamətdə hərbi toqquşma şəraiti yetişdirə, kəndlərin qaytarılmasını məhz bu hərbi toqquşma ilə əlaqələndirə bilər. Əhalinin evakuasiyası qərarı buna da hesablana bilər.
Nəticə etibarilə, Qazaxın kəndlərinin qaytarılması qaçılmazdır, qeyd etdiyimiz kimi, sərhədin delimitasiya və demarkasiyası həyata keçirilməlidir, bu məsələdə Rusiyanın da öz maraqları var. Bu maraqlar da məsələnin həll ediləcəyi ehtimalını gücləndirir”.
Qeyd edək ki, Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb. Tavuş qubernatoru Hayk Qalumyanın avqustun 19-da qəbul etdiyi qərarda evaksiyasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.
Bahar Rüstəmli