Xəbər lenti

Ermənistan-Türkiyə danışıqları: İlkin razılıq əldə edildi - Ekspert
Siyasət11:04 05.07.2022

Ermənistan-Türkiyə danışıqları: İlkin razılıq əldə edildi - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıçla Ruben Rubinyanın dördüncü görüşü olub. Tərəflər hər iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək barədə razılığa gəliblər.
Onlar həmçinin Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılıq əldə ediblər. Bu fonda danışıqları dəyərləndirən Ruben Rubinyan Ankara ilə razılaşmalar haqqında danışarkən bildirib ki, yayın sonuna qədər proses reallaşa bilər: "Türkiyə ilə əldə olunan razılaşmaları yayın sonuna qədər həyata keçirmək məntiqli olardı”. Onun sözlərinə görə, sərhədi harada və necə keçməyin mümkün olacağı ilə bağlı texniki detallar hələ müzakirə edilməyib. 
"Görüşümüz zamanı üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinə icazə verilməsi ilə bağlı siyasi qərar və razılığa gəldik”. Sazişlərin icra müddətinə gəlincə, bəyanatda mümkün olan ən qısa müddət nəzərdə tutulur. Onların yay aylarında həyata keçirilməsi məntiqli olardı”, deyə Ruben Rubinyan bəyan edib. 
Bununla bağlı Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyi təqdirdə, yayın sonuna qədər Ankara ilə razılaşmalar reallaşa bilər. Əks təqdirdə, proses uzanmaqda davam edəcək: 
"Burada önəmli faktor Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsindən keçir. Türkiyə Ermənistan münasibətlərində 30 il müddətində ən vacib məqam Azərbaycan məsələsi olub. Ermənistan həmçinin 10 noyabr bəyannaməsinə əməl etməməyə cəhdlər edir. Sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinə maksimum dərəcədə maneə yaratmağa çalışırlar. Laçında müəyyən təxribatlara gedirlər. Bunlar Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsində önəmli faktorlardır. Türkiyə Cənubi Qafqazda sülh, stabilik və sabitliyin təmin olunmasında maraqlıdır. Bu müstəvidə də region ölkələrilə xoş münasibətlər qurmağı düşünür. İrəvan öhdəliklərə əməl edərsə, təbii ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinin yaxın zamanlarda öz bəhrəsini verəcəyini ehtimal etmək mümkündür. Burada vacib məqam Ermənistanın özüdür, götürdüyü öhdəliklərə əməl etməsi, onun Türkiyə və Azərbaycana olan münasibətidir. Ermənistan həmçinin, Türkiyəyə olan ərazi iddialarına son qoymalı, qondarma erməni soyqırımla bağlı fəaliyyətindən əl çəkməlidir”.
Rüfət Sultan