Ermənistanda müxalifətin təşkil etdiyi etiraz aksiyaları bir həftədən çoxdur ki, davam edir. Amma bu, sadəcə olaraq, ilkin məşqdir, çünki əsas mitinq mayın 1-nə planlaşdırılıb. Respublikanın müxtəlif bölgələrindən başlayan yürüşlərin bütün kolonları İrəvanda toplaşacaq.
Baş nazir Nikol Paşinyana qarşı başlayan aksiyaların kökündə onun parlamentdəki çıxışı olub. Müxalifət baş naziri Qarabağı "təhvil verməkdə" ittiham edib. Paşinyan həmin çıxışında bildirib ki, avropalı tərəfdaşlar Ermənistan tərəfinə kömək edə bilmək üçün İrəvandan "Dağlıq Qarabağın statusu ilə bağlı iddiaları bir az aşağı salmağı” tələb edirlər.
Məhz onun parlamentdəki bəyanatı "bomba"nın partlamasına səbəb oldu. Paşinyana hətta aprelin 19-20-də Rusiya rəhbərliyindən sülhməramlı qüvvələrin kontingentini artırmağı və bununla da Qarabağın qorunub-saxlanmasına zəmanət verməyi xahiş edən Moskvaya məcburi səfər də kömək etmədi. Ancaq görünən odur ki, baş nazirin Avropa İqtisadi İttifaqı və KTMT çərçivəsində Rusiya ilə flört etməsi ermənilərin əhəmiyyətli bir hissəsinin əhval-ruhiyyəsinə istənilən səviyyədə təsir etmədi. Ona qarşı xəyanət ittihamları nəinki səngimir, əksinə getdikcə daha da güclənir.
Görünən odur ki, yaxın gələcəkdə Ermənistanda siyasi sabitliyi təmin etmək mümkün olmayacaq. Müxalifət də bunu yaxşı anlayır və baş naziri devirmək üçün daha da fəallaşır. Maraqlıdır ki, onlar Paşinyan tərəfdarlarının 2018-ci ildə (məxməri inqlab) istifadə etdiyi taktikadan istifadə edir. Başqa sözlə, rəngli inqilablar texnologiyasından özünü "milli oriyentasiyalı qüvvələr" adlandıran müxalifət yararlanır.
Amma politoloqlar və analitiklərin fikrincə, məxməri inqilabı zamanı Serj Sarkisyanı devirmək üçün küçələrə çıxan insanlar üçün "İstefa" şüarı yetərli deyil. Onlar İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətin vurduğu psixoloji təsirlərin altındadırlar, üstəlik ağır iqtisadi böhran insanları yorub.
Onların fikrincə, Ermənistanın inkişafı üçün indiki neoliberal kursa alternativ olan konstruktiv proqram lazımdır. Amma rəngarəng müxalifətin bu yöndə addımları görünmür.
Belə ki, 4 il əvvəl o dövrün müxalifəti Serj Sarkisyanı devirmək üçün heç bir siyasi proqram olmadan məxməri inqilab edə bilmişdilərsə, indi həmin ab-hava yoxdur. Odur ki, etirazlara baxmayaraq, anti-Paşinyan qüvvələrinin çevriliş etmək üçün kritik sayda etirazçını küçələrə çıxara bilməyəcək.
Ekspertlərin fikrincə, mayın 1-dən sonra kütləvi nümayişlərin səngiməsi baş verərsə, bu hakimiyyətə etirazları asanlıqla yatırmaq imkanı verəcək. Üstəlik, müxalifətin özünün koordinasiya mərkəzi və ya geniş siyasi koalisiyası yoxdur, bütün aksiyalar mərkəzləşdirilməmiş şəkildə təşkil edilir və həyata keçirilir. Amma konkret fəaliyyət planı hazırlamadan indiki mərhələdə Nikol Paşinyana qalib gəlmək mümkün deyil. Ekspertlər hesab edir ki, təkcə vətənpərvər olmaq və anti-Azərbaycan çıxışlər kifayət deyil.
Ekspertlər başqa bir məqama da diqqəti çəkir. Onların fikrincə, Paşinyanın müxaliflərinin heç də hamısı rusiyapərəst deyil. Onların arasında çoxlu millətçi və qərbyönlü qruplar var. Ona görə də Paşinyanın devrilməsi hakimiyyətə qərbyönlü liberal və ya qəzəbli millətçi vətənpərvərləri gətirə bilər.
Telman
Şərhlər