Siyasət 12:58 13.02.2024

Ermənistan uzun müddət sonra atəşkəsi niyə pozdu? (ŞƏRH)

"Atəşkəsin pozulması Azərbaycana açıq şəkildə ünvanlanan mesaj xarakterli təxribatdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri uzun fasilədən sonra İrəvanın təxribata gedərək, yenidən atəşkəsi pozması faktını şərh edərkən deyib. 

Natiq Miri qeyd edib ki, burada atəşkəsin pozulmasının hansı ərəfəyə düşdüyü sualı xüsusi əhəmiyyət kəsb edir:

"Bir tərəfdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakı ilə İrəvan arasında növbəti görüşün Brüsseldə təşkililə bağlı xahişi var. Ardınca dərhal da rusiyalı məmurların bu istiqamətdə konkret açıqlamaları var. Doğrudur, onlar birbaşa görüşlə bağlı məsələlərə toxunmasalar da, dolayısı ilə bununla bağlı müəyyən mesajlar verirlər. Məsələn, 2025-ci ilə qədər rusiyalı sülhməramlıların ölkəmizdə qalması, Qarabağdan köçüb gedən ermənilərin geri qayıtması fonunda onların hüquq və təhlükəsizliyinin təminatı kimi məsələləri xüsusi olaraq qabardırlar".
 


Həmsöhbətimizin fikrincə, baş vermiş hadisə xarici dövlətlərin Ermənistan ordusundakı "5-ci kolonu"nun əlilə törədilib: 

"Bunlar təsadüf olacaq hallar deyil. Siyasətdə təsadüf anlayışı yoxdur. Bu mənada atəşkəsin pozulması hadisəsi xarici dövlətlərin Ermənistan ordusundakı "5-ci kolonu" vasitəsilə törədilmiş təxribatdır. Atəş snayperdən açılıb. Bu isə açılan atəşin konkret məqsədli olduğundan xəbər verir". 

Ekspert qeyd edib ki, bu həm də bir mesajdır:

"Mesaj isə odur ki, Azərbaycan öz iddialarından, xüsusən də ikitərəfli danışıqlar formatından vaz keçməsə, regionda yenidən hərbi təxribatlar törədilə bilər. Ermənistan rəhbərliyinin bu istiqamətdə konkret göstəriş verəcəyini düşünmürəm. Çünki Ermənistan ordusu Azərbaycan Ordusunun qarşısına çıxa biləcək gücdə deyil. Azərbaycanın Ermənistanın istənilən nöqtəsini yüksək dəqiqliklə vurmaq imkanları var. Bütün bunları İrəvan da bilir. Ermənistan səmimidirsə, video görüntülərə əsasən atəşkəsi pozan əsgəri məsuliyyətə cəlb edə, hətta verilən sifarişin kimdən və hansı səviyyədə gəldiyini müəyyənləşdirə bilər. Prosesin sonrakı gedişi Ermənistanın bu yöndə atacağı addımlardan asılı olacaq".

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. 

Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb.

Rüfət Sultan