ABŞ Ermənistan və Azərbaycanı hərtərəfli sülh sazişinin imzalanması üçün diplomatik əməkdaşlığı aktivləşdirməyə çağırır.
Qaynarinfo xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"Əvvəlcə dediklərimizi təsdiq edə bilərəm: Birləşmiş Ştatlar Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik və dinc gələcəyin qurulmasını stimullaşdırmağa davam etməyə hazırdır. Biz Ermənistan və Azərbaycanı diplomatik qarşılıqlı fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh sazişinin imzalanmasına nail olmağa çağırırıq", - Patel deyib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş öncəsi ABŞ rəsminin belə bir açıqlama ilə çıxış etməsi müəyyən mülahizələrə səbəb olub.
Məsələ burasındadır ki, ABŞ münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdar kimi çıxış edir.
Hətta ABŞ və Fransanın ölkəmizdəki səfrilərinin Şuşa dəvətini qəbul etməməsi də rəsmi Bakının ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyi ilə izah edilir. Azərbaycan 44 günlük müharibədən sonra Minsk Qrupuna ehtiyac olmadığını bəyan edib.
Vedant Patelin Minsk Qrupunun adını çəkmədən Bakı ilə İrəvanı diplomatik əməkdaşlığı aktivləşdirməyə çağırması Vaşinqtonun mövqeyində korrektə etməsi kimi şərh edilir.
Lakin politoloq Fərhad Məmmədov Qaynarinfo-ya bildirib ki, əslində, ABŞ-ın mövqeyində dəyişiklik yoxdur. Vaşinqton indinin özündə də sülh sazişinə yardım etmək üçün Minsk Qrupunun vasitəçiliyini təklif edir.
"Qərbdə ümumi olaraq belə bir fikir formalaşıb ki, öncə sülh sazişi bağlanmalıdır. Bu məsələdə Azərbaycanla ABŞ-ın mövqeləri üst-üstə düşür. Amma sülh sazişinin parametrlərində, xüsusilə "status” məsələsinin sazişə salınması ilə bağlı fikir ayrılıqları ola bilər.
Qərb üçün sülh sazişinin imzalanması çox vacibdir. Çünki bu gün Mərkəzi Asiyaya uzanan logistik yol buradan keçir. Qərb nəqliyyat və enerji dəhlizlərinin təhlükəsizliyi baxımından sülh sazişinin sürətlənməsini istəyir.
Əslində, bu açıqlama ilə Qərb Rusiyanın prosesə təsirini azaltmağa çalışır. Yəni, ABŞ və Avropa o istiqamətlərdə fəaldır ki, çalışırlar, orada Rusiyanın rolu olmasın. Diqqət edin, üçtərəfli sazişdə Rusiya tərəfdir, amma sülh prosesində tərəf deyil”.
Fərhad Məmmədovun fikrincə, ABŞ-ın paralel olaraq Minsk Qrupunu önə çəkməsi iki amillə izah edilə bilər:
"Əvvəla, Minsk Qrupu Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın rəsmi olaraq iştirak etdiyi yeganə platformadır. Digər tərəfdən, ABŞ həm də daxili faktorları nəzərə alır. Xeyli sayda ermənipərəst konqressmen var ki, onlar Xarici Siyasət Komitəsində təmsil olunurlar. Onların da Dövlət Depratamentindən müəyyən tələbləri var. ABŞ bir növ onların maraqlarını nəzərə alması baxımından Minsk Qrupunun saxlanılmasını istəyir.
Ümumilikdə proses Rusiyanın Cənubi Qafqazda təsirinin, rolunun azadılmasına hesablanıb”.
Seyid