"Fikrimcə, Qarabağ ətrafında və bütövlükdə Cənubi Qafqazda vəziyyət sabitdir və partlayış təhlükəli deyil. Erməni separatçılarının xırda həmlələri bu vəziyyətə heç cür təsir göstərmir".
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində tanınmış rusiyalı politoloq Oleq Kuznetsov deyib.
Ermənistandakı aksiyalara toxunan politoloq etirazların əsas sponsorunun Robert Köçəryan olduğunu bildirib:
"Erməni ictimaiyyəti, xüsusən də onun bu gün erməni etirazlarının aparıcı qüvvəsini təşkil edən hissəsi tədricən o fikrə alışdırılır ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin və ona müvafiq digər dövlətlərarası müqavilələr paketinin bağlanması sabahkı gün üçün qaçılmazdır. Bu gün cəmiyyət Paşinyanın əleyhinə olan müxalifətin küçələrə hansı sayda insanın çıxması onu göstərir ki, erməni ictimaiyyəti tədricən bu fikrə öyrəşir. Etiraz yürüşlərinə ən çoxu 10 min nəfər toplaşdığı halda, Ermənistan əhalisinin yarıdan çoxu, xüsusən də heç bir imkana malik olmayanlar Paşinyanı dinməzcə dəstəkləyir. Özü də 2020-ci il müharibəsində məğlubiyyətdən sonra.
Etiraz aksiyalarının əsas sponsoru aktivləri Rusiyada olan Köçəryandır. Lakin başa düşmək lazımdır ki, Rusiyaya sanksiya təzyiqi nəticəsində Köçəryanın aktivləri azalır və o, artıq öz tərəfdarlarının əvvəlki maliyyə səviyyəsini dəstəkləmək iqtidarında deyil. Üstəlik, Paşinyan hakimiyyətdə olduğu illərdə Köçəryanın Ermənistan prezidenti olduğu vaxt yerli və rusiyalı erməni oliqarxlar arasında yaratdığı kriminal-bank əlaqələrini qıraraq, Ermənistanın siyasi landşaftının Rusiyadakı erməni diasporundan maliyyə asılılığını əhəmiyyətli şəkildə azaldıb. Köçəryan və onunla həmfikir olanlar yoxsullaşır, onun ehtiyatları tükənir, deməli, onunla bağlı Ermənistandaxili müxalifətin etirazçı hissəsinin də ehtiyatları tükənir. Əgər bu hissə indi fəallıq göstərməsə, iki ildən sonra bunu etmək imkanından ümumiyyətlə məhrum olacaq".
Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının alternativini görmür:
"Çünki bütün başqa variantlar özünün geosiyasi ətrafı ilə nə siyasi, nə də digər müstəvidə rəqabət apara bilməyən erməni dövlətçiliyinin gec-tez süqutuna aparır. Artıq regionun ən yoxsul ölkəsi Gürcüstan deyil, Ermənistandır və Ermənistan bu vəziyyəti yalnız özünün bütün qonşuları ilə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə sülh və dostluq vasitəsilə dəyişə bilər. Özü də indiki şəraitdə işlərin belə vəziyyəti yalnız pisləşə bilər: indi Rusiya vətəndaşlarının Ermənistana axını müşahidə olunur, onlar Ukrayna ətrafında hadisələrlə əlaqədar yaranan geosiyasi fırtınanın səngiməsini gözləməyə cəhd edirlər. Bu isə xüsusən biznes sahəsində erməni identikliyini dağıdır. Ölkənin daxili vəziyyətinin alternativini onlarda görən erməni cəmiyyətinin müəyyən hissəsi bu istiqaməti götürür. Bu isə, öz növbəsində, "ipə-sapa yatmayanlar”ın mövqeyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Ermənistanda Azərbaycan ilə sülh uğrunda hərəkat güc toplayır və bu meyli dəyişmək artıq mümkün deyil".