Ermənistanda son günlər müxalifətin fəallığı müşahidə edilir. Baş nazir Nikol Paşinyanın rəqibləri həm parlament tribunası, həm də digər vasitələrdən istifadə edərək iqtidara qarşı yenidən sərt çıxışlar edirlər.
Qeyd edək ki, Brüssel görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda mühüm addımlar atılıb. Ardınca prosesə start vermək üçün iki ölkə xarici işlər nazirlərinin telefon danışığı da olub. N.Paşinyan özü parlamentdəki son çıxışında da sülh müqaviləsinin alternativinin olmadığını bəyan edib.Bütün bunlar isə regionda sülhün olmasında maraqlı olmayan "Qarabağ klanı” və onun xaricdəki hamilərini narahat edir. Bu müstəvidə həmin revanşist qüvvələrin Paşinyana qarşı yenidən aktivləşməyə cəhd edəcəkləri gözlənilən idi.
Görəsən, Ermənistanda Paşinyana qarşı atılan addımlar onun devrilməsilə nəticələnə bilər? Bu hadisə baş versə, yaranmış vəziyyət Azərbaycanla münasibətlərə nə vəd edir?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Fikrət Sadıxov yaxın gələcəkdə Paşinyanın rəqibləri tərəfindən devriləcəyinə inanmadığını dedi:
"Paşinyan və komandası başa düşür ki, regionda sülh yaranmasa Cənubi Qafqazda qeyri-stabil vəziyyət davam edəcək. Ermənistan ya mövcud vəziyyətlə barışmalı, ya da müharibə aparmalıdır. Paşinyanın belə mövqe sərgiləməsi hər halda sağlam düşüncəli mövqedir. Təbii ki, ona qarşı çıxış edən qüvvələr də var, bu xüsusda əsasən də "Qarabağ klanı” və onları dəstəkləyən Qarabağdakı qanunsuz silahlı dəstələr canfəşanlıq edir. Amma yaxın gələcəkdə Paşinyanı devirə biləcəklərinə inanmıram. Növbədənkənar parlament seçkiləri də göstərdi ki, Paşinyanı dəstəkləyənlər çoxdur. Xalq xaos və müharibədən yorulub. Ona görə də yaxın gələcəkdə Paşinyanın devrilə biləcəyi ehtimalı gözlənilmir”.
Bununla belə, həmsöhbətimizə görə, hərbçilər hər an öz sözünü deyə bilər: "Bir çox hallarda bu xarici qüvvələrdən də asılıdır. Xarici qüvvələr hərbçilərə dəstək versə, çevriliş baş verə bilər. Dəstək olmadıqda isə çətin ki, bu baş versin”.
Politoloqun fikrincə, Ermənistanda hərbçilərin hakimiyyətə gəlməsi regionda vəziyyətin yenidən mürəkkəbləşməsinə gətirib çıxaracaq: "Paşinyan devrilərsə, İrəvanın Azərbaycanla münasibətinin necə olacağı, onu əvəzləyəcək şəxsin kim olacağından asılıdır. Realıq ondan ibarətdir ki, Paşinyanın partiyası parlamentdə üstün mövqeyə malikdir. Onu üstələyə biləcək siyasi qüvvə yoxdur. Yalnız hərbi dairələrin çevrilişlə hakimkiyyətə gəlmə ehtimalı müəyyən qədər var. Ermənistanda hərbiçilərin hakimiyyətə gələcəyi təqdirdə isə vəziyyət gərginləşə bilər”.
Rüfət Sultan