"Tərəflərdən hər hansı biri yaranmış vəziyyətdə görüş üçün münasib şəraitin olmadığını bəyan edərsə, həmin görüş yəqin ki, başqa vaxta təxirə salınacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İrəvanın sərhəddə törətdiyi son təxribatının iki ölkə liderlərinin gözlənilən Vaşinqton görüşünə təsiri məsələsini şərh edərkən deyib.
Politoloqun fikrincə, sərhəddə baş verən toqquşma isə Rusiya tərəfindən hazırlanan təxribatdır:
"Vaşinqton görüşünün Azərbaycan Ermənistan sərhədində baş verən hərbi toqquşmaya görə təxirə salınması və ya baş tutub-tutmayacağı iki ölkə başçısının iradəsindən asılıdır. Tərəflərdən hər hansı biri yaranmış vəziyyətdə görüş üçün münasib şəraitin olmadığını bəyan edərsə, həmin görüş yəqin ki, başqa vaxta təxirə salınacaq. Amma məsələ ondadır ki, bu baş verəcəyi təqdirdə, həmin fikri bildirən tərəf ABŞ-la münasibətləri xeyli dərəcədə korlayacaq. Ermənistanın ağlı başında olsa, Azərbaycana hücum etməz. Çünki bu ona sərf etmir. Sərhəddə baş verən toqquşma isə Rusiya tərəfindən hazırlanan təxribatdır. Bununla Moskva özünün iştirakı olmadan iki dövlətin başqa məkanda görüşünü mümkünsüz etməyə çalışıb”.
Politoloq qeyd edir ki, Avropa İttifaqı missiyasının ardınca, KTMT müşahidəçilərinin də Ermənistan sərhədinə gəlməsi mövcud hərbi müvazinəti pozmayacaq:
"Aİ-nin müşahidəçiləri gəldiyi kimi KTMT müşahidəçiləri də Ermənistan sərhədinə gəlir. Aİ müşahidəçiləri heç bir hərbi təlimdə iştirak etmir. Sadəcə, gördüklərini hər gün yazılı şəkildə rəhbərlərinə təqdim edirlər. Onlar da Aİ-yə ötürürlər. KTMT də yəqin ki, təxminən eyni statusda müşahidəçilər göndərəcək. Lakin KTMT müşahidəçilərinin gəlməsi də iki ölkə arasında hərbi müvazinəti pozmayacaq, qüvvələr nisbətinə təsir etməyəcək”.
Qeyd edək ki, mayın ikinci yarısında Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağı ehtimal edilir.
Rüfət Sultan