Xəbər lenti

Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu tikməsi nəyə hesablanıb?
Siyasət12:06 15.06.2023

Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu tikməsi nəyə hesablanıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu istiqamətdə addım atmaq üçün beynəlxalq qaydalar və təcrübələr var ki, Azərbaycan da onlardan istifadə edə bilər və yəqin edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistanın Amerika kapitalı ilə Naxçıvanla sərhəddə, Arazdəyəndə tikməyə başladığı metallurgiya zavodunun yaradacağı ekoloji problemin həlli üçün Azərbaycanın hansı addımlar atmalı olduğundan danışarkən deyib.
"Bunun üçün beynəlxalq səviyyədə yoxlanış prosedurları var. Amma aydın məsələdir ki, əksər hallarda belə yoxlanışlar nəticəsiz qalır. Çünki ölkələr arasında ekoloji mübahisələri həll etmək çətin olur. Bununla belə, Arazdəyəndə ermənilərin metallurgiya zavodu tikməsinə qarşı mübarizə prosedurları bəllidir. Bu istiqamətdə addım atmaq üçün beynəlxalq qaydalar və təcrübələr var ki, Azərbaycan da onlardan istifadə edə bilər və yəqin edəcək”, deyə şərhçi bildirib.
Həmsöhbətimiz həmin məsələnin hərbi müstəvidə həllini istisna edir: "Bu məsələnin daha da kəskinləşməklə böyüyüb, hansısa hərbi formada həlli səviyyəsinə gəlib çıxacağını düşünmürəm”. 
Ekspertə görə, yoxlama prosedurları ilə zovodun ekoloji fəlakət yaratdığı sübut olunarsa, Azərbaycanın bu istiqamətdə tələbləri nəzərə alına bilər: 
"Həmin zavodun Amerika kapitalı ilə tikilib-tikilməməsindən asılı olmayaraq, araşdırma zamanı Azərbaycanın tələbləri öz təsdiqini taparsa, zavodun fəaliyyətinin hansısa ekoloji tələblərə zidd olduğu sübut olunarsa, tələblərimizin nəzərə alınması da mümkündür. Amma bunun üçün, dediyim kimi, ərazidə beynəlxalq səviyyədə praktik cəhətdən dərin araşdırma aparılmalıdır. Onun aparılması prosüdurları da bəllidir”.
Arif Əliyevin fikrincə, İrəvanın zavodu sözügedən istiqamətdə tikmək istəyi xərcləri azaltmaq məqsədi də daşıya bilər:
"Ermənistanın metallurgiya zavodu tikmək üçün məhz Azərbaycanın sərhədinə yaxın ərazini seçməsi öz xərclərini azaltmaq məqsədi daşıya bilər. Sırf diversiya məqsədi daşıdığını isə düşünmürəm. Çünki onun fəsadları olacaqsa, Azərbaycandan daha çox Ermənistana ziyan vuracaq. Bütün hallarda aydın məsələdir ki, belə məsələlərdə İrəvan Azərbaycanın maraqlarını zərrə qədər də fikirləşmir”.
Qeyd edək ki, Ermənistan Naxçıvanla sərhədə yaxın ərazidə, Arazdəyəndə metallurgiya zavodu tikir. İnvestisiya ABŞ-da fəaliyyət göstərən "CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və "Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinə məxsusdur. Ekspertlərə görə, zavodun zəhərli kimyəvi tullantıları bölgəyə, xüsusilə Araz çayına ekoloji fəlakət vəd edir.
Rüfət Sultan