Prezidentlərin Vyana görüşündə Qarabağ problemi ilə əlaqədar vasitəçi dövlətlər Azərbaycan və Ermənistanı atəşkəs rejminə riayyət etməyə çağırıb. Atəşkəslə bağlı yeni bir sazişin imzalanması işğal olunmuş torpaqların taleyinə necə təsir edəcəyi suallar doğurur.
Mövzu ilə bağlı Qaynarinfo.az-a danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, atəşkəs sazişinin imzalanması üçün konkret şərt olmalıdı: "Ermənistan müəyyən zaman çərçivəsində güzəştə gedəcəyinə dair söz verərsə, onda buna getməyə dəyər. Əgər bu imzalanma Ermənistan ordusunun Azərbaycan torpaqlarında uzun illər qalmasına şərait yaradacaqsa, o zaman bunu imzalamağa dəyməz.
Böyük dövlətlərin iştirakı ilə imzalanma zamanı Ermənistan qısa zaman ərzində güzəşt həyata keçirməyi öhdəlik götürsə, problemin həllinin mərhələləri razılaşdırılsa, belə bir sənədə imza atmağa dəyər. Vyana konfransında Azərbaycana güzəştlərlə bağlı söhbət ona görə getmədi ki, Azərbaycanda müsbət heç bir dəyişiklik olmayıb, beynəlxalq müstəvidə hörməti artmayıb. Buna görə də torpaqların qaytarılması ilə bağlı bizim xeyrimizə heç bir müzakirə olmadı".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az