Xəbər lenti

Əsəri “Kiçik Nobel mükafatı”nda ilk altılığa düşən yazıçımızla müsahibə
Ölkə10:09 01.04.2022

Əsəri “Kiçik Nobel mükafatı”nda ilk altılığa düşən yazıçımızla müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uşaq yazıçısı Solmaz Amanovanın "Cəsur ayı və onun dostları" kitabı Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın (IBBY) mükafatlar siyahısına düşüb. 163 müəllif, illüstrator və tərcüməçi IBBY Hans Xristian Andersen Mükafatı uğrunda yarışıb.
Hans Xristian Andersen Mükafatı iki ildən bir IBBY tərəfindən nominasiya zamanı yaşayan, əsərlərinin yüksək dəyərinə görə uşaqlar və gənclər üçün ədəbiyyata davamlı töhfə vermiş müəllif və illüstratora təqdim olunur. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2021-ci ildə görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin xatirəsinə Beynəlxalq Mükafata uşaq yazıçısı Solmaz Amanovanın "Cəsur ayı və onun dostları” kitabını  (illüstrator İsgəndər Məmmədov) təqdim edib. Everest Nəşriyyatı tərəfindən çapa hazırlanıb. Real həyatda belə bir ayı balası həqiqətən də olub. 1942-ci ildə İranda Anders ordusunun əsgərləri təsadüfən yanında ayı balası olan bir oğlanla qarşılaşır. Polyaklar onu bir ovuc xırda sikkə ilə dəyişməyə qərar verir və ayı balasına Voytek adı qoyurlar. "Cəsur ayı və onun dostları” nağılı bütün dünyanın yaşadığı koronovirus epidemiyasından bəhs edir. Böyüklər kimi uşaqlar da kovid xəstəliyinə yoluxublar. Nağılda həm uşaqların, həm də intellektual oyuncaq – ayının emosiyaları əks olunub. "Cəsur ayı və onun dostları” nağılı uşaqlara sevgi və xeyirxahlıq, öz xalqının irsinə və adət-ənənələrinə hörmət hissləri aşılayır. Uşaq müəllifləri üçün bu mükafat ən nüfuzlu beynəlxalq mükafatdır. 2022-ci ildə IBBY Hans Xristian Andersen Mükafatına yazıçı professor Solmaz Amanova, eləcə də rəssam İsgəndər Məmmədov namizəd olublar. Bundan əvvəl müəllifin "İlmənin macəraları” nağılları uşaq yazıçısı Astrid Lindqrenin xatirəsinə təsis edilmiş uşaq və gənclər ədəbiyyatı sahəsində nailiyyətlərə görə ən böyük İsveç mükafatına namizəd olub. Kitab beş dildə yazılıb, ancaq Azərbaycan və rus dillərində 32 cizgi filmi və 320-330 oyun çəkilib.
H.Xristian Andersenin mükafatına namizəd Solmaz Amanovanın Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Bu kitab rus dilində Play marketdə var və azərbaycanca bu kitab Əlifbada verilən QR kodla əlaqələndirilir. Təhsil Nazirliyi bu kitabı e.derslik portalında iki dildə 32 cizgi filmi ilə 1-ci sinif şagirdləri üçün sinifdənkənar oxu kimi təqdim edib. Təhsil Nazirliyinin qrantı əsasında yazılan Əlifba uşaqlara zəngin irsimizdən hərflər vasitəsilə (arşın, kəlağayı, sərpuş, xarıbülbül, səhəng, satıl, fəsəli və s.) öyrədir. Bundan əlavə, 2021-ci ildə mənim "Şuşa şəhərinin sehrli açarları” kitabım nəşr olundu. Tariximizi nağıllarla öyrədirəm. Bu il bu kitabın ikinci hissəsi işıq üzü görəcək: "Şuşa, biz qayıtdıq”. Nağılın təsviri 1752-ci ildən 2020-ci ilə qədər olan dövrü əhatə edir. Həmçinin altı yeni kitab nəşr olunacaq. 
- Kitablarınızın nəşrində sizə kim dəstək olur?
- "Everest” nəşriyyatı. Uşaq nəşriyyatı cəmi üç ildir ki, fəaliyyət göstərir, mən də nəşriyyatın baş redaktoruyam. İldə üç kitab yazmışamsa, burada altı və daha çox kitab yaza bilərəm. Burada bacarıqlı redaktorlar, korrektorlar komandası, səhifələyici, rəssam işləyir.
Amma Multikulturalizm Mərkəzinin sifarişi ilə yazılmış kitablarım da var. Udinlər və Qafqaz Albaniyası haqqında kitab, uşaqlar üçün nağıllar: "Gözün Ayda olsun”. İlk dəfə olaraq bir nağıl toplusunda udinlərin irsi haqqında məlumat toplanıb.
- "Cəsur ayı və onun dostları” nağılını yaratmaq ideyası necə yarandı?
- Bu nağılın yaranmasına səbəb koronavirus idi. 14 mart 2020-ci il tarixində bütün uşaqlar uzunmüddətli karantinə göndərildi. Koronavirusa yoluxma qorxusu və məhdud ünsiyyət hər kəs üçün çox çətin idi. Bu müddət ərzində bütün müəllimlər onlayn rejimə keçdilər və mən hər səhər "İrs” Nağıllar Evinə gedib telefonla nağıl oxuyurdum. Respublika kitabxanaları ilə, şagirdlərlə görüşlər olurdu. Belə görüşlər F.Köçərli adına kitabxana tərəfindən təşkil olunurdu. Bəzən hətta nağıl oxunan zaman göz yaşlarını saxlamaq olmurdu.
- Görəsən dünyanın uşaqları kitabla tanış olub oxuya biləcəklərmi?
- Tam deyə bilərəm ki, bizim uşaqlar oxuya biləcək. Təhsil Nazirliyi həmin kitabı bütün məktəb kitabxanalarına paylayıb. Hər iki ildən bir IBBY Honor Siyahısı ingilis dilində nəşr olunur və ona IBBY üzv ölkələrindən bu yaxınlarda nəşr olunmuş kitablar daxildir. Bu kitablar yazı keyfiyyətinə, illüstrasiyalarına və tərcüməsinə görə əla hesab olunur. Fəxri Fərmanda adların seçilməsində mühüm mülahizələrin nəticəsi kitabların hər bir ölkənin uşaq ədəbiyyatının ən yaxşılarını təmsil etməsi və kitabların bütün dünyada nəşr olunması tövsiyə olunmasıdır.
Beləliklə, IBBY-nin məqsədi – uşaq ədəbiyyatı vasitəsilə beynəlxalq həmrəylik, qarşılıqlı anlaşma təşviq etməkdir. 2022-ci il IBBY Honor Siyahısının 2000-dən çox nüsxəsi bu ilin sentyabrında Malaziyanın Putracaya şəhərində keçirilən 38-ci IBBY Dünya Konqresində təqdimatdan sonra bütün dünyada yayılacaq. Konqresdən sonra biz namizədlərə kataloqun pulsuz surəti veriləcək. Fəxri lövhədəki kitablar daha sonra bir neçə paralel səyyar sərgilərdə nümayiş etdiriləcək: Yaponiyada, Rusiyada, ABŞ-da və 2023-cü ildə Boloniya Uşaq Kitab Sərgisində. Bundan sonra onlar Münhendəki Beynəlxalq Gənclər Kitabxanasında və Rusiya, Yaponiya, Slovakiya, İsveçrə və ABŞ-ın digər elmi fondlarında daimi əmanət kimi saxlanılacaq.
2022-ci ilin Fəxri Siyahısının diplomlarının rəsmi təqdimatı 5-8 sentyabr 2022-ci il tarixlərində Konqres zamanı keçiriləcək. Bütün namizədlər bu mərasimə, eləcə də onların şərəfinə şam yeməyinə dəvət olunurlar. Rəssamla mən qurultayda iştirak etmək təklifi aldıq.
- Bəs səfərinizi və bütün xərclərinizi kim ödəyəcək?
- Ümid edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi bizə köməklik göstərəcək, nominasiyaların təqdimatı zamanı qala-ziyafət pulsuzdur, qalanları isə xərc tələb edir.
- Neçə kitab yazmısınız?
- Bu günə 70-ə yaxın kitabım və 57 cizgi filmim var. "İrs” nağıl evim var, orada uşaqlar mənimlə görüşür, ustad dərsi keçir, nağıllarımın qəhrəmanlarının geyimlərini geyinib cizgi filmlərinə baxır, oyunlar oynayır, xalça toxuyurlar.Amma ən çox onlar mənə və nağıllarıma qulaq asmağı xoşlayırlar. Sonda sözləri və musiqisi mənə məxsus olan İlmənin mahnısı və "Azərbaycan mənim vətənimdir” mahnısı ifa olunur və uşaqlar xoşbəxt təəssüratla evlərinə gedirlər. 
IBBY Şərəf Siyahısı 2022 ilə buradan tanış ola bilərsiniz.
Bahar Rüstəmli