
Əsgər ölümü ilə bağlı növbəti etiraz aksiyası olacaq.
Qaynar.info ANN.Az portalına istinadən xəbər verir ki, aksiya martın 10-da saat 15:00-da Fəvarələr meydanında olacaq. Artıq bununla bağlı “Facebook” sosial şəbəkəsində dəvət də yaradılıb. Dəvəti bir qrup gənc fəal yaradıb.
Təşkilatçılar bildirilər ki, “2 yanvarda əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı aksiya keçirdik. Ümid etdik ki, ordudakı qanunsuzluqlarla bağlı tədbir görüləcək. Lakin görülmədi. 2 ay ərzində ölən əsgərlərin sayı 14-ə çatdı. Bu əsgərlərin heç biri döyüş şəraitində öldürülməyib. Və onların qanlarını batırmaq istəyirlər. Biz bu haqsızlıqlara dur deməliyik! O, əsgərlərin yerinə hamımız ola bilərik. Orduda bizim yaxınlarımız, dostlarımız, ailə üzvlərimiz xidmət edir və bu təhlükə hamı üçündü. Bu haqsızlığa bir son verilməlidir!”
Aksiya təşkilatçıları həmçinin qeyd edirlər ki, aksiya siyasi deyil və heç bir təşkilat tərəfindən keçirilmir.
Qeyd edək ki, dünən Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlunun müammalı ölümü ictimayətdə geniş əks səda doğurub.
Belə ki, əsgərin yaxınları onun döyülərək öldürüldüyünü desələr də, müdafiə nazirliyi bunu inkar edir. Nazirliyin yaydığı xəbərə görə, Allahverdiyev Seymur dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.
Qaynar.info