
“İqbal Ağazadənin çıxışını təqdir edirəm. Azərbaycan Vəkillər Kollegiyası SSRİ-nin qalığıdır. Vəkillər Kollegiyası ölkədə vəkillik insititunu məhv edib, hörmətdən salıb”.
Bunu Qaynar.info-ya tanınmış hüquqşünas Qurban Məmmədov mayın 24-də keçirilən Parlamentin plenar iclasında deputat İqbal Ağazadənin Vəkillər Kollegiyasının ləğvi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, vəkillərin fəaliyyəti bütün dünyada - Türkiyədə, Rusiyada vəkillər necədirsə, Azərbaycanda da elə olmalıdır: “Adam Ədliyyə Nazirliyindən qeydiyyatdan keçir, vəssalam, sonra istər, kollegiya, birlik yaradar, istərsə də fərdi fəaliyyət göstərər. Gecikmiş də olsa, qaldırılmış məsələyə görə hörmətli İqbal Ağazadəyə minnətdarlığımı bildirirəm”.
Q. Məmmədov bildirib ki, bununla bağlı xeyli müraciətlər olunub, uzun illərdir bu məsələlər qaldırılır: “Dövlət özü bu işdə maraqlı olmalıdır. Fikir verin, prezidentin özü, ailəsi haqqında dəfələrlə xarici mətbuatda təhqiramiz məlumatlar yayılır. Azərbaycanda bu cür hüquqşünaslar, vəkillər olsa, prezidentin hüquqlarını qorumazmı?! Mən dəfələrlə demişəm ki, etibar edin, prezidentin hüquqlarını qoruyum. Niyə qorumayım ki?! Onun hesabına pul qazanaram. Amma Azərbaycanda vəkilliyi öldürürlər. Ölkədə vəkil ortalığa kəskin mövqe qoyan kimi məhkəmə tez qərar çıxarır. Rüşvətxor hakim namuslu vəkili işdən qovdurur. Aslan İsmayılov kimi bir vəkili rüşvətxor, əliəyri adamlar işdən uzaqlaşdırırlar. Bu, Azərbaycan xalqına ziyan vurmaqdır, Aslan İsmayılova deyil. O, ailəsini dolandıracaq, ziyan Azərbaycan xalqına dəyəcək”.