Xəbər lenti

Etibar Pirverdiyevin adı 2,3 milyonluq QALMAQALDA
Ekonomiks06:37 21.05.2014

Etibar Pirverdiyevin adı 2,3 milyonluq QALMAQALDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərenerji” sədri Nərimanovda aldığı 4 mərtəbəli mülkün dəyərini tam ödəməməkdə günahlandırılır; aylıq gəliri 1200 manatdan yuxarı olmayan bir şəxsin bu qiymətə villa almasına aydınlıq gətirilməlidir

Elbrus Məmmədov adlı iş adamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev arasında əmlak davası gedir. E.Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.

Bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov “Bizim Yol”a müraciətində bildirib.

F.Məmmədov yazıb ki, E.Məmmədova məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə, mülkiyyət real qiymətindən aşağı - 800 min manat məbləğində göstərilib və səbəbini də “vergidən yayınma məqsədi” ilə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş “Azərenerji” sədrinin qaynı Hikməti günahlandırıb. 

Bu, artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmalı olduğu bir məsələdir. “Azərenerji” səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan ASC-nin rəhbəri məmur sayılır və onun bizneslə məşğul olması yasaq edilir. Aylıq gəliri 1200 manatdan yuxarı olmayan bir şəxsin 2,3 milyon manata özəl mülk alması faktının özünə hüquqi qiymət verilməlidir. Çünki o, rəsmi gəliri hesabına bahalı özəl mülkü əldə edə bilməzdi. Bu fakt “Azərenerji”də total korrupsiya hallarının olması barədə mediada gedən məlumatları bir daha təsdiqləyir. Bu məlumatların bəzilərini yada salaq.

Son 6 ildə “Azərenerji” ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına). Bu vəsaitə sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb.

2009-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “İnter Enerji” MMC-ni “Azenco” ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Komitənin məlumatında o da qeyd edilirdi ki, "İnter Enerji" silinmək üçün 100 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini və dövlət büdcəsinə 6,4 milyon manat ödənilməsini öhdəsinə götürüb. 

“Azenco” ASC 2008-ci ilə qədər “Azerenerji” ASC-nin tərkibində “Azerenerjitikinti” MMC adı ilə fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC “Azenco” Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Müsabiqəni isə “İnter Enerji” udub (23 dekabr 2009-cu il). 

Təkzib edilməyən məlumatlara görə, “İnter Enerji” MMC “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o, formal idarəetməni isə onun qaynı Hikmət həyata keçirir (mülk qalmaqalında da məhz onun keçir). Bunun özü çox ciddi korrupsiya əməlidir. Dövlət müəssisəsini idarə edən şəxs müəssisənin bir hissəsini özəl əmlakına çevirir, dövlət qurumları da susur.

Ikincisi, 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Yəni E.Pirverdiyev 500 milyon manatlıq “Azenco”nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. Bu ikinci korrupsiya faktı - dövlət müəssisəsi su qiymətinə özəlləşdirilib.

Üçüncüsü, “İnter Enerji” Sumqayıtdakı Texnologiya Parkını da ələ keçirib. E.Pirverdiyev orada müxtəlif istehsal və xidmət sahələri (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsal sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri və s.) yaradır ki, “Azərenerji”nin təchizatını tam inhisarda saxlasın. Yəni “Azərenerji”yə qoyulan investisiyaların əhəmiyyətli kəsimi onun öz cibinə axsın. Buna nail də olub. Formal keçirilən tenderlərin qalibi istisnasız olaraq “İnter Enerji” MMC olur. Burada qiymət və xidmət tarifləri fantastik həddə şişirdilir.

Dördüncüsü, “İnter Enerji” MMC investisiya müsabiqəsində daha bir müəssisəni - Balakən kiçik su elektrik stansiyasını özəlləşdirib. Şirkət “Azerenerji”nin sayğac quraşdırılması sifarişini də yerinə yetirir. Bir sözlə, sifarişçi də Pirverdiyevdir, təchizatçı da, podratçı da. Daha sadə dillə desək, Pirverdiyev nəhəng investisiya və büdcə pullarını “İnter-Enerji” MMC vasitəsilə “silir”.

Göründüyü kimi, “Azərenerji” ASC-də korrupsiya faktları tüğyan edir. Bu baxımdan Nərimanov rayonunda 4 mərtəbəli mülkü 2,3 milyon manata almaq balaca məsələ sayıla bilər. Ancaq balaca məsələ də olsa, E.Pirverdiyevin məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsasdır. Ortada alqı-satqı müqaviləsi var və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları pulun mənbəyinə aydınlıq gətirməlidirlər.

Qaynar.info