Novella Cəfəroğlu: “Qanunlar düz işləsə, bu, normal haldır”
Qurban Məmmədov: "Bu qanun qəbul edilməsinə ehtiyac yox idi"
Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, internet portallarda da şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdirilib.
Dəyişikliklər barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə cəzalar internet informasiya vasitələrində də yayılan məlumatlara görə tətbiq olunacaq. Bu qanun pozuntusuna görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ağır hallarda isə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Hüquq müdafiəçiləri bu qanun layihəsinin qəbul edilməsinə narazılıqlarını bildiriblər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu qanunun qəbulu ilə bağlı
Qaynar.info-ya açıqlamasında deyib ki, təhqirə görə qanunun qəbul edilməsinə normal yanaşır, amma təhqirlə tənqid ayırmalıdır: “Bizdə tənqidə təhqir deyəcəklər. Onun adı ilə basacaqlar dama. Qanunlar düz işləsə, bu, normal haldır. Bəs düz işləməsə necə olacaq?!”.
Hüquq müdafiəçisi Qurban Məmmədov da adı çəkilən qanun layihəsinin qəbuluna ehtiyac olmadığını deyib: “Bu qanun qəbul edilməsinə ehtiyac yox idi. Qanunda bu barədə var axı. Orada yazılıb ki, kütləvi informasiya vasitələrində təhqir, böhtan qanunla tənzimlənir. Elektron media da KİV hesab olunur və eyni qayda da məsuliyyət daşıyır. Şəxsən başa düşə bilmədim ki, xüsusi qanunun qəbul edilməsində məqsəd nə idi”.
Eyni zamanda hüquq müdafiəçisi deyib ki, internetdə şəxsiyyəti təhqir etmənin əleyhinədir: “Özüm də qəti əleyhinəyəm ki, KİV-də, xüsusilə də internetdə ölkənin başçısı, onun xanımı və ya müxalifətin liderləri haqqında təhqiramiz ifadələr işlətsin. Bu, insana hörmət gətirən şey deyil. Əminəm ki, belə edən insanlar müxalifətçi deyil. Yəni əxlaqı, namusu, tərbiyəsi olan insan belə şey etməz. Bunlar öyrədilmiş adamlardır ki, ölkədə qarşıdurma yaratmaq, müxalifətlə iqtidarla üz-üzə gətirirlər. Qanunun qəbulu belə şeylərin qarşısını alacaq”
Q.Məmmədovun sözlərinə görə, hakimiyyət qəbul etdiyi qanunları iki niyyətlə qəbul edir: “Birinci, o qanundan pul qazansın, ikinci də özlərinin gələcəklərini, hakimiyyətlərinin təhlükəsizliklərini təmin etsinlər. Qanunlar bu niyyətlə qəbul olunduğuna görə tez bir zamanda “Diffamasiya haqqında” qanun layihəsinin qəbul olunmasını güman etməyin”.
İlkin
Qaynar.info