Sənət 16:24 16.06.2022

Şeyx Əbdülün sözləri qalmaqal yaratdı: "Belə adam tanımıram, məsciddə işləyir?”

"Mən belə adam tanımıram. Şeyx Əbdül məsciddə işləyir?”. 

Bunu Qaynarinfo-ya açqlamasında Xalq artisti İlham Namiq Kamal aktyor və rejissor Şeyx Əbdül Mahmudbəyovun "Qayınana” filmi haqqında səsləndirdiyi tənqidi fikirlərə aydınlıq gətirərkən deyib. İlham Namiq Kamal Əbdül Mahmudbəyov haqqında danışmaq istəmədiyini deyib:

"Tanımıram, elə bir adam var yəni? Bu saat hamı istəyir ki, məşhur olsun. Bu yaşdan sonra onlar nə vaxt məşhur olacaqlar? Utanıram danışmağa. Məşqdə olmasaydım, bir az başqa cür danışardım”.

Kinotənqidçisi Sevda Sultanova isə Şeyx Əbdül Mahmudbəyovun çıxışlarını, fikirlərini ciddiyə almamağı tövsiyyə edib:

"Qaynana” koloritli, dinamik süjeti olan və sevilən komediyadır. Müasir dillə desək, keyfiyyətli meynstrim filmidir. Şeyx Əbdülün açıqlamasına gəlincə, təklif edirəm ki, əxlaq haqda manifest elan etsin və biz fəaliyyətimizi ona uyğunlaşdıraq. İroniya bir tərəfə, Şeyx Əbdül adətən populist, arqumentsiz çıxışlar edir. Ona qalsa, onun 1977-ci ildə çəkdiyi "Üzü küləyə” "Qaynana” ilə müqayisədə çox keyfiyyətsiz, qüsurlu filmdir və ssenarisini zəif bir ssenarist yazıb. Qısacası, onun çıxışlarını ciddiyə almayın”.

Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudov sevilən filmlərdən biri "Qayınana" filmini tənqid edib və ekran işini Azərbaycan ədəbiyyatına, əxlaqına xas olmayan əsər adlandırıb:

"Bəlkə də mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, ümumiyyətlə, "Qayınana" əsərinə qarşıyam. Onu yazan insanı da yaxşı tanıyıram. Adı Məcid Şamxalovdur, 1937-ci ildə "evlər yıxan" aktyorlardan biri olmuşdur. Sonradan acınacaqlı taleyi oldu. Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Kimin anası, nənəsi elədir? Əvvəl tamaşası oldu, sonra da filmi çəkildi"-deyə bildirib.

Qeyd edək ki, "Qayınana" filmi 1978-ci ildə çəkilib. Filmin rejissoru Hüseyn Seyidzadədir. Ekran işində SSR Xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, Xalq artistləri İlham Namiq Kamal və başqaları rol alıb.

Bahar Rüstəmli