Xalq artisti Faiq Ağayev yeni mahnı ifa edib. Qaynarinfo.Az xəbər verir ki, sənətçi “Zanqeyarım” adlı talış xalq mahnısını repertuarına salıb.
Bu barədə sosial mediada məlumat verən Faiq Ağayev mahnının promo-versiyasını yayıb. Bu mahnını geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq artisti Rəşid Behbudov təqdim edib.
"Zanqeyarım" xalq mahnısı talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, bicarda işləyərkən oxuyublarmış. Azərbaycanın cənub bölgsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimləri əks etdirir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini subut edir.
Talış dilində "zanq" (zənq) sözü "ay işığının suda əksi" anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuş. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açırlarmış. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır.
"Zanqeyarım" mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilib. Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri olub. Mahnı ilə bağlı araşdırmaları isə gənc tarixçi Rəzzaq Xansıvo aparıb.
Yaxın günlərdə mahnının bütöv versiyası radiolarda yayınlamağa başlayacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər