"Bununla qurum türkdilli ölkələr arasında əməkdaşlıq modelindən daha çox, təşkilatlanmış mexanizm formasında birlik modelinə çevrilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək, Türk Dövlətləri Təşkilatı adlandırılmasına münasibət bildirərkən deyib:
"Buna elə-belə ad dəyişikliyi kimi baxmaq doğru yanaşma deyil. Ona əslində bütövlükdə bölgə gücünə malik yeni bir təşkilat kimi baxmalıyıq. Onun kifayət qədər ciddi beynəlxalq gücə çevrilmək perspektivi də var. Bununla qurum hansısa şəkildə əməkdaşlıq modelindən daha çox, təşkilatlanmış mexanizm formasında bir birlik modelinə çevrilir. Artıq təşkilatda öz qərarlarını icra edəcək sistem qurulacaq”.
Deputat bildirir ki, bundan sonra təşkilat bölgədə sabitliyin qorunmasında, dəstək və problemlərin birgə həllində ortaq qərarlar qəbul və icra edəcək:
"Ola bilsin birliyin müəyyən dərəcədə sülhməramlı gücü də formalaşsın. Bundan sonra təşkilat bölgədə sabitliyin qorunması, bir-birinə dəstək vermək, problemləri birgə həll etmək üçün ortaq qərarları icra edəcək bir quruma çevrilə bilər. Həmçinin, iqtisadi layihələrin birlikdə həyata keçməsi üçün ümumi ortaq qərarların qəbulu da mümkündür. Məqsəd əslində bunlardır. Gələcək gedişatda təşkilat canlı orqanizm kimi hansı səviyyədə mövcud olacaqsa, onda vəziyyətin nə dərəcədə inkişaf edəcəyi də bəlli olacaq”.
Rüfət Sultan