Xəbər lenti

Fəaliyyətsiz qurum, yoxsa səyahətə gələn diplomatlar? (KÖŞƏ)
Siyasət13:09 24.04.2013

Fəaliyyətsiz qurum, yoxsa səyahətə gələn diplomatlar? (KÖŞƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilən görüşündə  Dağlıq Qarabağ münaqişəsinin bu təşkilatın prinsipləri əsasında sülh yolu və danışıqlar vasitəsi ilə həlli üçün Minsk Qrupu adlı bir qurum yaradılıb. 1997-cı ilin yanvarından isə ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu qrupun qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

Ancaq ölkəmizdə az qala böyükdən kiçiyə hər kəsin adını eşitdiyi Minsk Qrupu 17 illik həmsədrlik insititutu formatı çərçivəsindəki “fəaliyyət”i dövründə ATƏT-in prinsiplərinə əməl etməyib və problemin beynəlxalq hüquq normaları çərçivəsində çözülməsinə ikili standartlarla yanaşıb. Aparılan monitorinqlər,araşdırmalar və analitik təhlillər göstərir ki, əslində, abstrakt bir qurum olmayan ATƏT-in Minsk Qrupu və onun həmsədrləri üzərinə götürdüyü vasitəçilik missiyasını mandatlarına uyğun olaraq effektiv şəkildə yerinə yetirə bilmir. Baxmayaraq ki Azərbaycan hökuməti tərəfindən ATƏT-in fəaliyyətinə xüsusi önəm verildiyi dəfələrlə vurğulanıb.

Bütün bunların fonunda isə hazırda da passiv və yetəriz fəaliyyəti ilə diqqət çəkən Minsk Qrupu münaqişənin həllinə töhfə verəcək bir addım atmayıb. Bir qədər arxaya qayıtsaq görərik ki, həmsədr ölkələrin nümayəndələri indiyə kimi həm Azərbaycana, həm də Ermənistana dəfələrlə səfərlər edib, hər iki ölkənin dövlət başçıları, xarici işlər nazirləri ilə görüşüblər. Mövqelərində beynəlxalq hüququ və ədaləti təmsil etmədikləri açıq-aşkar görünən və sapmalar müşahidə olunan Minsk Qrupu problemin həll edilməsi üçün demək olar ki, çabalar göstərməyib. Bir sözlə, onların səfərləri kağız üzərindəki protokol qaydalarından başqa bir şey olmayıb. Vasitəçilik missiyası zamanı Minsk Qrupu Dağlıq Qarabağ problemin həll edilməsi ilə bağlı tərəflərə yalnız üç plan təklif edib.


1) 1997-ci ilin iyun ayında Zərf həll variantı - “Dağlıq Qarabağ Münaqişəsinin Aradan Qaldırılmasına Dair Hərtərəfli Saziş”;
2) 1997-ci ilin oktyabr ayında Mərhələli həll variantı - “Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Dayandırılması Haqqında Saziş”;
3) 1998-ci ilin noyabr ayında isə Ortaq Dövlət həll variantı - “Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Hərtərəfli Həllinin Prinsipləri Haqqında”.


Ancaq Minsk Qrupunun tərəflərə təqdim etdiyi bu “səmərəli”təkliflərdən ilk ikisi Ermənistan, üçüncüsü isə Azərbaycan tərəfindən qəbul edilməyib. Bu zaman bir incə məqama xüsusi diqqət yetirmək lazımıdr. Minsk Qrupunun həmsədr dövlətləri olan və insan haqlarından ağız dolusu bəhs edən ABŞ, Fransa və Rusiyanın məsələyə münasibətini dəyərləndirsək görərik ki, onlar vasitəçilik missiyalarının əksinə olaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün beynəlxalq hüququ və ədaləti ayaqlar altına atdıblar.

Bir sözlə, fəaliyyətlərinin əsas hissəsi turist gəzintisindən və heç bir hüquqi qüvvəsi və gücü olmayan bəyənatlardan ibarət olan ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbətə doğru hər hansı bir irəlləyişə nail ola bilməyiblər. Hətta heç bir həmsədr istər fəaliyyətlərinin ilk illərində, istərsə də indi separatçı və işğalçı Ermənistana qarşı təzyiq göstərmək üçün hüquqi təsir vasitələrindən istifadə etməyib.

Bütün bunları nəzərə alsaq, həmsədrlərdən Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində konkret nəticəyə yönəlik addımların atılması inandırıcı görünmür. Prosesləri diqqətlə izləyən siyasi ekspertlər, millət vəkilləri, hökümət və dövlət adamlarımız da dəfələrlə bəyan ediblər ki, Minsk Qrupu əslində fəaliyyəti ilə yox, fəaliyyətsizliyi ilə onlara olan etimadı və inamı itirib. Bu isə öz növbəsində münaqişənin həllini dalana dirəyir və uzadır. Həmçinin BMT-nin məlum qətnamələri və hər üç həmsədr ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanımasını rəsmən bəyan etməsi fonununda ortaya qoyuduqları fəaliyyətlərlə Qarabağ münaqişəsini tənzimləmək qeyri-mümkündür. Bu zaman bir fakt tam çılpaqlığı ilə aydın olur ki, əslində, həmsədr ölkələr Cənubi Qafqazda,xüsusən də Azərbaycanda regional və geopolitik maraqlar uğrunda çarpışan tərəflər funkisyasını yerinə yetirir. Ona görə də biz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini təkzibolunmaz faktlarla ortaya qoymaqla bərabər, onların fəaliyyətinin gücləndirilməsi üçün öz işimizi görməli və təzyiqləri artırmalıyıq. Əks halda, ikili standartlar və ermənilərin başını sığallama prinsipləri ilə işləyən ATƏT-in Minsk qrupu həmsədrlərinə qapını göstərməliyik. Unutmaq lazım deyil ki, Azərbaycan dəfələrlə münaqişənin həllində bütün hallarda danışıqlara, sülh variantına üstünlük verdiyini bəyan edib və bu günə kimi də bu prinsiplərə əməl edib. Ancaq fəaliyyətsiz həmsədrlər həm əvvəlki fəaliyyətləri zamanı, həm də indi sülh imkanları arxa plana keçirirlər. Deməli, həmsədrlər danışıqlar atmosferində ciddi dəyişikliyə nail olmalı, fəallığı artırmalı, onlara olan inamsızlığı aradan qaldırmalı, atəşkəs rejimi haqda sazişin tətbiqi istiqamətində səylərin möhkəmləndirilməli və ən önəmlisi ikili standartlardan əl çəkməlidirlər. Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ düyününün çözülməsi ilə bağlı beynəlxalq hüquq normalarına söykənərək səsləndirdiyi bəyənatları və söylədiyi fikirləri həmsədrlər nəzərə almalıdır. Əks təqdirdə...

İnqilab Şirinbəyli


P.S. Mən özüm bilərəkdən həmsədrlərin adlarını yazmadım və daha doğrusu, onların üzərində şərh verməyə lüzum görmədim. Çünki Vladimir Kazmirovun simasında (?) hər üç ölkənin həmsədrlərin bugünəqədərki missiyası və ortaya qoyduqları mövqe hər kəsə gün kimi aydındır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, “Monitorinqlər kralı”  Anjey Kaspirşikin “fəaliyyət”i və “gördüyü iş”lərdən isə qalaq-qalaq tarix kitabları yazmaq olar.