Konfrans Liqasında "Fehervar”la baş tutan ilk matçda "Qəbələ”nin futbolçusu İlkin Qırtımov xoşagəlməz halla üzləşdi. Rəqiblə mübarizə zamanı huşunu itirən və dili qatlanan təcrübəli müdafiəçi ilk olaraq komanda yoldaşı Asif Məmmədovun, daha sonra həkimlərin tibbi müdaxiləsindən sonra özünə gəlmişdi.
Hazırda səhhəti yaxşı olan 32 yaşlı Qırtımov başına gələnlər haqda Qaynarinfo-ya müsahibəsində danışıb. O, "Qəbələ”nin Konfrans Liqasındakı çıxışı, milliyə dəvət almaması, o cümlədən karyerası haqda da düşüncələrini bölüşüb.
- Hazırda səhhətin necədir?
- Yaxşıdır, çox sağ olun.
- "Qəbələ”nin Konfrans Liqasındakı çıxışı haqda nə düşünürsən?
- İlk oyunda belə hesab olacağını düşünmürdük. Bəlkə də başıma gələnlər uşaqlara yaxşı təsir etmədi. İlk oyunda hesab arasındakı top fərqi az olsaydı, inanıram ki, Qəbələdə növbəti mərhələyə keçmək şansımız daha da artacaqdı. İkinci oyunda onların da imkanları oldu. Hiss etdim ki, Azərbaycana arxayın gəliblər. Yaratdığımız imkanlardan istifadə edə bilsəydik, yaxşı olardı. Onlar ayılana kimi nəsə edə bilərdik.
- Komandada nə çatmadı?
- İlk oyunda hesab böyük oldu. Burda əlimizdən gələni etdik. Qol imkanlarından istifadə etsəydik, daha yaxşı olardı.
- Rəqib gözlədiyiniz kimi, yoxsa tam fərqli oynadı?
- Necə analiz etmişdik, elə də oynadılar. Sadəcə, yaxşı komanda, çoxdan birlikdə olan kollektiv idi. Oturuşmuş sistemi vardı.
- Keçək əsas məsələyə, yəni başına gələnlərə. Nə baş vermişdi həmin an?
- Rəqib oyunçunu görmürdüm. Amma arxada kiminsə olduğunu hiss edirdim. Hər halda topu ora elə-belə atmazlar. Mən topu çıxarandan sonra başım onun boynunun arxasına dəydi. Sonrasında heç nə yadımda deyil. Bir də meydanın kənarında ayıldım, anladım ki, nəsə baş verib. Məni dirsəyi ilə vurmamışdı. Qəbələdəki oyunda da mənə bunun istəmədən olduğunu dedi. Onu görmürdüm, sadəcə, havada kiməsə dəydiyimi hiss etdim.
- Yəqin ki, sonradan orada nələrin baş verdiyini öyrəndin. Komanda yoldaşın Asif Məmmədov ilk müdaxiləni etdi. Həmin vaxt nələrsə hiss etmədin?
- Onun nə etdiyini bilmədim. Yadımda deyil. Rəqibə dəyəndən sonra heç nə xatırlamadım.
- Ayılandan sonra nələr baş verdi?
- Asif dedi ki, yerə yıxılanda oynamaq istədiyimi bildirmişəm. Həkimlər mənə rəqəm göstərdilər, neçə olduğunu deyə bilmədim. Asif məşqçilərə oynaya bilməyəcəyimi dedi. Axşam xəstəxanaya apardılar, səhərə kimi orada qaldım. Xəstəxanada sistem vurdular. Başım, çiyinlərim ağrıyırdı. Sağ əlimdə keyimə olmuşdu. Həkim dediyinə görə, iynə batırsalar da, heç nə hiss etmirmişəm. Ona görə də otelə buraxmadılar. Səhərisi yaxşı olub kolletivə qayıtım. Hər kəsin dəstəyini hiss etdim. Kim narahat olubsa, məni axtarıbsa, Allah hamısının köməyində dursun. Hazırda durumum yaxşıdır, məşqlərə qoşuluram.
- Komandada ab-hava nə yerdədir? Yeni futbolçuların uyğunlaşması, hazırlıqlar necə gedir?
- Kollektiv, rəhbərlik, oyunçuların bir-birinə münasibəti… Hər şey yaxşıdır. İnsan komandaya yeni gəldiyini hiss etmir.
- Yeri gəlmişkən, "Şamaxı”nı "Qəbələ”yə dəyişməyinin səbəbi nə oldu?
- "Şamaxı”da qalmağımı istəyirdilər. Əslində, 90 faiz qalacaqdım. Sadəcə, sonradan çıxmalı oldum. Maaş baxımından şərtlərimi demişdim. Bir az aşağı-yuxarı, razılıq olmuşdu. Sonradan fikrimi dəyişdim.
- Uzun müddətdir oynadığın komandadan ayrılmaq çətin olmadı?
- "İnter”in vaxtından o komandada oynamışam. Arada başqa kluba keçsəm də, yenə ora qayıtmışam. Mənim üçün doğma komandadır. Çətinlik yaşadım, amma futboldur. Bəzən getməli olursan.
- Baş məşqçi dəyişikliyi qərarına təsir etdi?
- Xeyr, xeyr, bunun aidiyyatı olmadı.
- Ümumiyyətlə, "Şamaxı” haqqında fikrin necədir? Növbəti mövsümdən hansı pillələr uğrunda oynaya bilərlər?
- Bəzi uşaqlarla əlaqə saxlayıram. Əksəriyyəti gəncdir. Böyük iddia deyəndə, futbolda hər şey mümkündür. Cavid Hüseynov yaxşı qardaş və məşqçidir. Yəqin ki, döyüşkən kollektiv formalaşdıracaqlar. Kimsə fikirləşsə ki, "Şamaxı”ya qarşı oyun asan keçəcək, yanılır.
- "Qəbələ”dən Premyer Liqanın yeni mövsümündə nə gözləyə bilərik?
- Konfrans Liqası bizim üçün dərs oldu. Səfərdə başqa, Azərbaycanda ayrı oyun keçirdik. Mərhələni keçə bilməsək də, Qəbələdə qələbə qazandıq. Rəqib də zəif deyildi. Qələbə bizə inam verdi. Premyer Liqaya yaxşı başlamaq üçün bizə qələbə lazım idi. Yenə də avrokuboklara vəsiqə qazanmağa çalışacağıq.
- Karyeran haqda nə düşünürsən?
- Hələ ki, planım yoxdur.
- Bundan sonra neçə il oynamaq gücün var? Yaş sözünü deyir?
- Təbii ki, cavanlıqdakı kimi deyiləm. Rejimə fikir vermək lazımdır. Məşqlərdə daha yaxşı çalışmaq lazımdır ki, gənclərdən çox geri qalmayaq. Yaş irəlilədikcə bədənimizə baxmalıyıq. Amma "qocalmaq”, qaça bilməmək kimi çətinliyim yoxdur.
- Təcrübəli müdafiəçi kimi səni millidə görmək istəsək də, bu baş vermir. Belə məqamlar karyerana necə təsir edir?
- Düzdür, hamı millidə oynamaq istəyər. Hər futbolçu üçün şərəfdir. Mənim mövqeyimdə oynayanlar da pis deyil. Yaxşı futbolçulardır. Sadəcə, belə şeylərə öyrəşmişik. Milliyə çempionatda daha çox oynayan futbolçuları dəvət edirlər. Çünki oyun praktikası var. Mən də daimi oynayan oyunçulardanam. Az hallarda oyun buraxmışam. Amma görürəm ki, heç nə yoxdur. Pis çıxmasın, öz çevrələri var. Mən hücumçu deyiləm ki, hər oyunda meydana çıxıb 5 qol vurum. Baxıram, hamısı eyni adamlardır. Arada başqasını da çağırıb yoxlamaq lazımdır. Bəlkə milliyə köməyim dəyə bilər. Sizlər yazırsınız, bir-iki nəfər deyir. Amma öz bildiklərini edirlər. Bu, məni həvəsdən salmır. Çünki öyrəşmişəm. Futbola yeni başlamamışam ki, milliyə çağırmayanda həvəsdən düşüm. Mənə o qədər də təsir etmir.
- Bundan sonra milliyə dəvət almağa ümidin var?
- Ümidim var, hər dəfə daxilimdə bu dəvəti gözləyirəm. Olsa daha yaxşı, olmasa da həvəsdən düşmürəm. Onsuz da vəziyyətin necə olduğunu bilirəm.
- Gələcəkdə məşqçi kimi çalışmaq istəyin var? Məşqçilik lisenziyası almaq üçün kurslara qatılırsan?
- Kurslara qatılmıram. Gələcəkdə nə olar, bilmirəm. Qismət olsa, oxuyaram. "İşləməyəcəm” deyə bilmərəm. Çünki elə bir zaman gələr ki, işləmək məcburiyyətində qalaram. Amma karyeramı bitirdikdən sonra futbolda qalmaq fikrim yoxdur. Məşqçilərimiz çoxdur, əksəriyyəti kənarda qalıb. Bəlkə elə bir insan olar ki, yanında çalışmağımı isəyər, bu, başqa.
- Futboldan kənarda biznesin varmı?
- Nəyim varsa, rayondadır, amma mənə bəs edər. Az olsun, həmişə olsun. Onunla başımı qataram.
Səbuhi Həsənov
Şərhlər