Astara rayonunda "Vitamin" filminin çəkilişi zamanı oteldə dava düşüb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Nuranə Vaqifqızı məlumat verib.
O bildirib ki, oteldə bütün heyətin qarşısında filmin rejissoru Faiq Nağıyev ona "mutilşik" deyib:
"Heç nəyin üstündə mənimlə dava edib, dayanmadan da məni şərləyir, demədiyim sözləri boynuma qoyur. Mənə "Vitamin" filmində rol verdi. Qəbul etdim və çəkilişlərə razı oldum. Çəkilişlər iki rayonda - İsmayıllı və Astarada aparılmalı idi. Birinci çəkiliş İsmayıllıdan başladı və orada heç bir problem yaşamadıq. Amma bütün işlər Astara rayonunda aparılan çəkilişlər zamanı başladı. Bizə otel əvəzinə, hostel təklif olundu, bütün əməkdaşlar üçün sanitarqovşağı bir dənə idi. Əslində, bu belə planlaşdırılmamışdı, amma çəkiliş xətrinə razılaşdıq.
Yuxarı qalxıb rejissorun otağını görəndə baxdım ki, onların qaldığı otaqların şəraiti bizimkindən qat-qat yaxşıdır. Otaqlarda sanitarqovşaq və s. var, amma mən bunu çəkiliş heyətinə demədim. Xalq artisti Naibə Allahverdiyeva etiraz etdi ki, belə şəraitdə qala bilmirəm, özümü pis hiss edirəm. Onlar da dedi ki, qalxın, rejissorların otağında sanitarqovşaq var, oradan istifadə edin. Naibə xanım onların otağını görəndə əsəbiləşdi ki, "bu, nə ayrı-seçkilikdir. Niyə özlərinə yaxşı otaq, bizə isə bərbad şəraitli otaq veriblər? Mən bunlardan sənətdə də, yaşda da böyüyəm, niyə bu şəraitdə qalmalıyam?" Həmin vaxt mən də narazılığımı bildirdim. Amma nə qədər etsək də, onlar bizi dinləmək istəmirdi, dedilər, çəkilişdən sonra oteldə tədbir var, ondan sonra baxarıq.
Onlar bizi eşitməyib, yola verdiklərinə görə Naibə xanım da əsəbiləşib ağlamağa başladı. Mən də onu belə qoyub tədbirə düşə bilmədim. Axırda Naibə xanım dedi ki, paltarlarını yığ, mən maşın tuturam, bizi Bakıya aparsın. Paltarları yığıb pilləkəndən enəndə Faiq bizi gördü. Gəldi Naibə xanıma dedi ki, "etməyin, eləməyin, çəkiliş var, falan". Mən də kənarda dayanmışam. Birdən başını qaldırıb üzünü mənə tutdu ki, hər şey sizin başınızın altından çıxıb, siz "mutilşik"siniz, deyib üstümə cumdu”.
O, bildirib ki, 20 ilin aktrisası olaraq bunu özünə təhqir hesab edib:
"Bu, nə təhqirdir? Özümü çox hiss etdim. Faiq mənimlə belə davranırdı. Bunu belə qoymayacağam. Filmdəki işimi dayandırdım. Məni ölümlə təhdid edən adamın yanında qala bilmərəm. Burada şiddət, hədə-qorxu, təhqir, təhdid var. Nəyə görə? Burada mənim heç bir günahım olmayıb".
Aktrisa Faiq Nağıyevin onu ölümlə necə təhdid etdiyini deyib:
"Mənə dedi ki, işlərimi qurtarım, səni Bakıya özüm aparacağam, yolda da maşını çevirib səni öldürəcəyəm. Məsələ ilə bağlı "102" xidmətinə zəng etdim, məlumat verdim. Artıq Astara rayon Polis Şöbəsində araşdırma gedir".
Məsələ ilə bağlı Faiq Nağıyevin fikirlərini də öyrəndik. Rejissor aktrisaya "mutilşik" dediyini təsdiqlədi:
"Dedim, onlara yalvardım ki, getməyin, bir səhnə var, onu çəkək, sonra gedin. Dedilər, yox ki, yox. Əsəbiləşdim, dedim ki, Nuranə, sən elədin, "mutilsik"lik etdin. Fakt odur ki, edirdi. Qaldı ki, onu ölümlə hədələdiyimə, dedim ki, oturun mənim maşınıma, gedək hamılıqla ölək. Yuxusuz idim, belə vəziyyətdə Bakıya necə maşın sürə bilərdim? Yorğun, yuxusuz vəziyyətdə onlar mənə maşın sürdürmək istədilər. Bakıya çatan kimi Nuranə aləmi qatdı bir-birinə ki, guya onu ölümlə hədələmişəm. Dedim ki, Nuranə, səni mənə calayanın atabaatasına lənət. Bu da gəlib başqa bir aktrisaya deyib ki, Faiq sənin atanı söyüb".
Faiq Nağıyev Bakıda 37 nömrəli Polis Şöbəsinə müraciət etdiyini açıqlayıb:
"Mənim işimi yarımçıq oyub, mənə dəyən ziyan var, film tək Nuranədən ibarət deyil. Bu filmə 70-80 minə yaxın xərc çəkilib. Mən bu pulu Nuranədən təzminat olaraq tələb edəcəyəm. Onun səhnələri təkrar çəkilməlidir. Bu da əlavə xərcdir".
Bahar Rüstəmli
Şərhlər