İdman 16:01 25.05.2023

Firmino "Liverpul"u göz yaşlarına qərq etdi - İmzalı forma, bir şüşə ətir...

"Liverpul"da oynayarkən böyük uğurlar qazanan və mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq braziliyalı hücumçu Roberto Firmino komanda yoldaşları, dostlarının ailələri və klub işçiləri üçün 200 hədiyyə qutusu hazırlayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Daily Mail" yazıb. Firminonun bu jesti Liverpulda duyğulu anlar yaradıb.
 
Şəhərin eyniadlı təmsilçisinin heyətində meydana çıxdığı 361 oyunda 110 qol vuran, çalışqanlığı və oyun zəkası ilə izləyənləri heyran edən Firmino, sevdikləri üçün hazırladığı hədiyyə qutusunun üzərinə "Bu hekayənin bir parçası olduğunuz üçün təşəkkür edirəm" sözlərini yazıb. Qutulara müxtəlif hədiyyələrlə yanaşı imzalı formasını və bir şüşə ətir də qoyan ulduz futbolçunun bu davranışı klub işçilərini göz yaşlarına qərq edib. 

"Liverpul"a olan hörmətinə görə indiyə qədər heç bir komanda ilə rəsmi transfer danışıqları aparmayan Firminonun qısa müddətdə yeni iş yeri tapacağı gözlənilir.

"Real" və "Barselona"nın yaxından izlədiyi braziliyalı ulduzun Avropadakı karyerası 2015-ci ildə Bundesliqa komandalarından olan "Hoffenhaym"da başlamışdı.

Səbuhi Həsənov