"Parislə İrəvan arasında bağlanan hərbi müqavilə sırf Fransanın regionda olan strateji maraqlarına hesablanmış addımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev deyib. Ekspert hesab edir ki, Fransanın Ermənistanla bağladığı hərbi saziş sırf strateji maraqlardan irəli gəlir:
"Burada söhbət heç də Fransanın Ermənistana dəstək verməsindən getmir. Fransa müstəmləkəçi dövlət olub və bu mənada onun hər zaman şəxsi maraqları da olub. Parislə İrəvan arasında bağlanan hərbi müqavilə sırf Fransanın regionda olan strateji maraqlarına hesablanmış addımdır. Sözsüz ki, Fransa müqavilə bağlanandan sonra Ermənistanın maraqları naminə müharibə edən deyil. Artıq Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Logistik nöqteyi-nəzərdən bu dəhlizin açılması əhəmiyyətli layihədir. Amma bu layihəyə münasibətdə fərqli maraqlar mövcuddur.
Əsas məqam dəhlizə kimin nəzarət etməsi, qeyri-rəsmi olaraq, ərazidə kimin hegemon olması məsələsidir. 10 noyabr üç tərəfli sazişinə görə, dəhlizin Ermənistandan keçən hissəsinə Moskva nəzarət etməlidir. Lakin Ermənistan suveren hüquqlarını əsas gətirməklə dəhlizin öz ərazisindən keçən hissəsinə məhz özü nəzarət etmək istəyir. Əslində, Ermənistanın bunda israrlı olmasının arxasında Qərb dayanır. Ona görə də İrəvan dəhlizə Moskvanın nəzarət etməsinə qarşı çıxır. Buna görədir ki, dəhliz açıqlcağı təqdirdə, Paris də prosesdə aktiv yer almaqda maraqlıdır. Bu yolla da Fransa regiona daxil olmaq istəyir.
Lakin Fransanın bu niyyətinin hansı effekt verəcəyi barədə indidən bir söz demək çətindir. Regionumuz çox qarışıq maraqların kəsişdiyi nöqtədədir. Ermənistan KTMT üzvü olaraq qalır, onun Rusiya ilə hərbi müttəfiqliyi var. Digər tərəfdən, Ermənistanda rus hərbi bazası da var. Parislə İrəvan arasında indiki məqamda hərbi ittifaqın baş tutması mümkünsüz görünür. İrəvan ilk növbədə Rusiya ilə məsələləri həll etməlidir. Rusiya ayaq üstə olduqca Ermənistanın onun təsir dairəsindən kənara çıxması ehtimalı məhduddur”.
Qeyd edək ki, Fransa və Ermənistan arasında hərbi saziş imzalanıb. Paris İrəvana "Thales” şirkətinin istehsalı olan üç Qround Master 200 (GM200) radar sistemi və "Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək. Bildirilir ki, bu silahlar "müdafiə xarakterlidir”. Fransa da israrla bu məqamın üzərində dayanaraq, Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını iddia edir.
Rüfət Sultan