Xəbər lenti

Fransa İrəvanı niyə silahlandırır? (ŞƏRH)
Siyasət10:19 05.10.2023

Fransa İrəvanı niyə silahlandırır? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İrəvanın Fransadan hava hücumundan müdafiə sistemləri almağa çalışması, həmin texnoloji avadanlıqları daha Rusiyadan ala bilməməsilə əlaqədardır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Ermənistanın Fransadan hava hücumundan müdafiə sistemləri almaqla bağlı danışıqlar aparmasını şərh edərkən deyib.
Ekspert bildirib ki, Ermənistan 2020-ci ildən sonra ordunun modernləşdirilməsi və keçmiş hərbi texnologiyadan imtina istiqamətində müəyyən addmlar atmağa çalışır:
"Bu addımlar da ilk olaraq hərbi texnoloji avadanlıqların yenilənməsilə bağlıdır. İrəvan özünün hərbi strukturunu NATO-ya uyğunlaşdırmağa çalışır. Bu baxmdan da Fransa ilə əməkdaşlıq edir. Ermənistanın bu məsələdə Fransa ilə əlaqə qurması Rusiyadan hərbi texnoloji avadanlıqları daha ala bilməməsilə də bağlıdır. Ukrayna müharibəsilə bağlı Rusiyanın ixracı dayandırması İrəvanı çətin duruma salıb".
Həmsöhbətimizə görə, Ermənistanın Fransadan hava hücumundan müdafiə sistemlərini əldə etməsi ciddi narahatlıq yaratmayacaq:
"Fransa hərbi avadanlıqların istehsalında dünyanın öndə gedən ölkələrindəndir. Dünya üzrə radiolakasiya sistemləri istehsalında ən tanınmış  şirkətlərdən biri Fransanın "TALES” şirkətidir. İrəvan Fransadan PUA-lar əleyhinə antidron sistemlərini də almaq istəyir. Ermənistanın Fransadan almaq istədiyi hava hücumundan müdafiə sistemləri hücum təyinatlı olmadığına görə, elə bir narahatlıq yaratmır”.
Ekspert onu da qeyd edib ki, sözdə hava hücumundan müdafiə sistemlərinin alınması adı ilə İrəvan reaktiv və taktik raket komplekslərinin əldə olunması istiqamətində də hərəkətə keçə bilər:
"Lakin bu proses yaxın zamanlarda həyata keçməyəcək. Çünki Ermənistan mükəmməl hava hücumundan müdafiə sistemlərini almaq üçün ciddi  vəsaitlərə malik deyil. Həmin sistemlərin tam kompleksi 1 milyard dollara başa gəlir”.
Qeyd edək ki, sülh müqaviləsini imzalamağa hazır olduğundan dəm vuran Ermənistan buna  baxmayaraq, özünün hərbi arsenalını da artırmaqda  davam edir. Hakim partiyanın üzvü Armen Xaçatryan bu günlərdə bildirib ki, Ermənistan Fransa ilə hava hücumundan müdafiə sistemlərinin alınması üçün danışıqlar aparacaq. O hətta deyib ki, avadanlıqların pulunu İrəvan özü ödəyəcək. 
Rüfət Sultan