Xəbər lenti

Fransadan misilsiz alçaqlıq: Azərbaycan dərhal hərəkətə keçməlidir... (ŞƏRH)
Siyasət10:22 19.11.2020

Fransadan misilsiz alçaqlıq: Azərbaycan dərhal hərəkətə keçməlidir... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Senatı 25 noyabrda qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması zərurəti haqqında təklif" adlı qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır.
Qeyd edək ki, qətnamə layihəsi müxtəlif fraksiyaları təmsil edən 5 deputat – Bruno Retayo, Patrik Kanner, Erve Marsel, Elian Asassi və Giyom Qotar tərəfindən təqdim olunub.
Fransa parlamentinin yuxarı palatası noyabrın 25-də qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı Konstitusiyanın 34-1-ci maddəsinin tətbiq edilməsinə dair səsvermə keçirəcək. Bir neçə senatorun hazırladıqları qətnamə layihəsi ilə bağlı müzakirələr noyabrın 18-də aparılıb və səsvermənin noyabrın 25-də keçirilməsinə qərar verilib.
Fransa Senatının belə bir sənədi müzakirəyə çıxarması hansı nəticələrə səbəb olacaq? 
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, Fransanın Minsk qrupunun həmsədri kimi danışıqlarda iştirakını sual altında qoyur: 
"Bu qətnamə layihəsinin müəlliflərinin erməni diasporu ilə çox ciddi korrupsiya əlaqələrinin olmasına şübhə yoxdur. Amma son vaxtlar Fransada antiislam, antisemitizm və bu tipli sivil dəyərə zidd tendensiyalar baş verir. Bütün bunlar isə Fransanın Avropa dəyərlərinə xəyanətin rəmzləridir. 
Fransanı bütün dünyaya rəzil edəcək qərar qəbul olunacaqsa, əvvala heç bir əhəmiyyəti yoxdur, ikinci isə bu qərar Fransanın hansısa danışıqlar prosesində iştirakına son qoyacaq”. 
Millət vəkili hesab edir ki, Azərbaycan öz mövqeyini mütləq Fransaya çatdırmalıdır: "Belə bir qərar olacaqsa, ölkələrarası münasibətlərə yenidən baxılacaq. Bu, bütün dünyada Fransanı biabır edəcək qərar olacaq”. 
Politoloq Qabil Hüseynli hesab edir ki, Fransa senatının tərkibində müxtəlif qüvvələr təmsil olunduğu üçün belə bir qərarın qəbul edilməsi ehtimalı var: 
"Amma Fransanın belə bir səlahiyyəti yoxdur. Çünki Fransa Minsk Qrupunun həmsədrlərindən biri olduğu üçün tərəfsiz olmalıdır. Əgər həmin qanun layihəsini qəbul edəcəklərsə, öz tərəfsizliklərini birbaşa təcavüzkarları müdafiə etmək xatirinə pozmuş olacaqlar. Həm də belə bir qərar layihəsinin qəbulu beynəlxalq hüququn tələblərinə ziddir…”
Politoloq Xaqani Cəfərli isə hesab edir ki, Fransa ilə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır: 
"Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycan ordusunun sentyabr ayının 27-də başlatdığı əks-hücum əməliyyatlarının ilk günündən Fransa qeyri-obyektiv mövqe tutub. İşğalçıya qarşı aparılan əməliyyatlarda uğurların sayı artdıqca Fransanın mövqeyi də anti-Azərbaycan xarakteri almağa başladı. Son günlər isə Fransanın Azərbaycana qarşı mövqeyi açıq düşmənçilik xarakteri alıb. Hətta iş o yerə çatıb ki, Fransa Azərbaycanın strateji müttəfiqi və ATƏT-in Minsk Qrupunun üzvülərindən biri olan Türkiyənin rolunun şübhə altına alımasına və qarşısının kəsilməsinə yönəlmiş diplomatik müzakirələr açmağa başlayıb. Belə bir şəraitdə Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən isteaf verməsini rəsmi şəkildə tələb etməlidir. Eyni zamanda Fransa anti-Azərbaycan mövqeyini dəyişənə kimi Bakı bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsin aşağı salmalıdır”.
Xaqani Cəfərlinin sözlərinə görə, tövsiyə xarakterli qanun layihəsinin qəbul olunmaması üçün Azərbaycan bütün imkanlardan istifadə etməlidir: 
"Fransanın Azərbaycana qarşı düşmənçiliyi yeni mərhələyə keçib. Tövsiyə xarakterli olsa da, bu bədnam qətnamənin qəbulunun qarşısı alınmalıdır. Rəsmi Bakı bu istiqamətdə qəti addımlar atmalıdır”. 
Orxan Əhmədli