Rusiyanın Moskva və Çeboksarı şəhərlərində onlayn keçirilən "Talant-2022” VIII beynəlxalq İT-Tv müsabiqəsində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsil pilləsinin tələbələri də iştirak ediblər.
BXA-dan Qaynarinfo-ya bildirilib ki, klassik rəqs nominasiyası üzrə akademiyanın tələbəsi Nərgiz Abdullayeva "Don Kixot” baletindən Kitrinin variasiyası ilə I dərəcəli laureat diplomu, müasir rəqs nominasiyasında isə "Əkslərin birliyi” rəqs nömrəsi ilə Zəhra İsrafilova, Marri Şahmədova, Aydan Qurbanova, Emiliya Nağızadə, Sofiya Həmidova, Dos Santos Fatima Nikol, Sabina Adıyeva, Darya Kostyunina, Diana Xozina, Timur Nurmamedov müsabiqənin Qran-pri mükafatına layiq görülüblər. Eyni zamanda, akademiyanın müəllimləri R.İsgəndərova, Y.Çernausova və bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadəyə müsabiqə rəhbərliyinin gənc nəsil üçün yaradıcı mühitin yaradılması və onlara dəstək olmalarına görə təşəkkür məktubu ünvanlanıb.
Müsabiqənin bütün nominasiyaları və janrları üzrə 1471 namizəd, solist və yaradıcı kollektivlər iştirak edib.
Müsabiqə Rusiya Mədəniyyət Nazirliyinin, Qnesina adına Rusiya Musiqi Akademiyasının və Rusiya Bəstəkarlar İttifaqının dəstəyi ilə həyata keçirilib.