
Rüfət Əhmədzadə “Adım anonim qalsın” kitabını oxuculara təqdim edib
Gənc yazar-tərcüməçi Rüfət Əhmədzadənin ikinci nəsr toplusu olan “Adım anonim qalsın” kitabının təqdimat mərasimi və müəllifin imza günü keçirilib.
Təqdimat mərasimi fevralın 8-də,“Kitabevim.Az” mağazasında baş tutdu. Saat 14:00-dan 16:00-dək baş tutan təqdimat mərasimində 100-ə yaxın oxucu, yazarın qələm dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan Rüfət Əhmədzadə qeyd etdi ki, hekayələr, esselər və mənsur şeirlərdən ibarət “Adım anonim qalsın” toplusu mərhum jurnalist Şahin Ağabəylinin xatirəsinə ithaf olunub.
O, kitabdakı hekayələrin əksəriyyətinin adsız qəhrəmanları etirafları və onların başına gələn müxtəlif əhvalatlar üzərində qurulduğunu bildirdi. Həmçinin müəllif əlavə etdi ki, növbəti kitabı ideoloji-kriminal roman olacaq və “Bakı uğrunda mübarizə” adlanan yeni əsərin yaxın aylarda nəşri gözlənilir.
Tədbirdə “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, Hədəf Kurslarının baş direktoru Şəmil Sadiq, Hədəf Nəşrlərinin direktoru Müşfiq Xan, Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli, yazarlar Cəlil Cavanşir, Könül Səid, Alpay Azər, Vüsalə Məmmədova, Mehman Həsən, Ruslan Şükür, Atif Borçalı, rep ustası Ramaş və yazıçının digər qələm dostları da iştirak edərək, müəllifə uğur arzuladılar.
Qeyd edək ki, “Adım anonim qalsın” kitabının redaktorları Müşfiq Xan və Cəlil Cavanşir, dizayneri isə Teymur Fərzidir.
Qaynar.info








