
Polislərlə gənclərlə arasında insident yaşandı; “Kanal 13”-ün əməkdaşı polis zorakılığına məruz qaldı
Martın 5-də bir qrup müsavatçı və milliyyətçi gənclər Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın keçirilməsinə səbəb son gün Rusiyanın Krımda apardığı işğalçılıq siyasətinə etiraz olub. Gənclər əllərində “Ukranie-KRIM”, “Putin kaput !”, “Hands off Ukranie” və başqa plakatlarla çıxıblar. Səfirliyin qarşısında “Rus, fars, erməni, onlar xalqın düşməni”, “Azərbaycan – Ukrayna” , “Putin Ukraynadan əlini çək” kimi şüarlar səsləndirilib. Aksiyanın sonunda qətnamə oxunub. Azərbaycan və rus dillərində olan qətnamə Müsavat Partiyası başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəyli tərəfindən səfirliyə təqdim olunub.
Aksiya bitdikdən sonra polislərlə gənclər arasında insident yaşanıb. Polislər gənclərə xüsusilə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı aqressiv davranıb. “ Kanal 13” internet televiziyasının əməkdaşı Hüseyn Əzizoğlu polis zorakılığına məruz qalıb.
Aksiyada iştirak edən Rüfət Hacıbəyli aksiyanın keçirilmə səbəblərindən danışıb: “Biz müsavatçı gənclər olaraq, Krımda baş verən hadisələrdən ciddi narahatçılıq keçiririk. Aksiyanın keçirilməsinə səbəb Rusiyanın Krımda apardığı işğalçılıq siyasətidir. Unutmamalıyıq ki, Krım qədim türk yurdu olub. Baş verən bu hadisələrdə hər zaman Ukrayna xalqının yanındayıq. Gənclər olaraq, Rusiyanın Krımdan geri çəkilməsini tələb edirik. Düşünürəm ki, hər yerdə bu cür aksiyalar təşkil olunmalıdır. Aksiyada bizimlə bərabər millətçi dostlarımızda iştirak etdilər. Onlara öz təşəkkürümü bildirirəm”.
Milliyyətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşfiq Atilla Vəliyev bu cür aksiyaların davamlı olacağını bildirdi: “Biz millətçi gənclər olaraq, bəyan edirik ki, Rusiyanın Krımdakı işğalçılıq siyasəti davam edərsə, aksiyalarımız davamlı olacaq. Dünya dövlətlərindən Gürcüstandakı kimi susmamağı tələb edirik. Əks halda, Rusiyanın işğalçılıq siyasəti gələcəkdə ciddi təhlükələr doğuracaq”.///musavat.com