"İmzalanandan bir ay sonra Moskva bəyannaməsi öz əhəmiyyətini itirdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2021-ci ilin yanvarın 11-də Moskvada imzalanan sənədi şərh edərkən deyib.
"Hətta 2020-ci ilin 10 noyabr bəyannaməsinin bir çox maddələri bu günə qədər icra olunmur. Ondan sonra Moskva görüşü və bir sıra digər görüşlər olub, müəyyən məsələlərdə razılaşmalar əldə edilib. Lakin bu razılaşmalar, o cümlədən Moskva bəyannaməsi qismən həyata keçib. Tərəflərə xeyir edən məqamlar icra olunub, qalan hissələr isə bu günə qədər icra olunmur”, deyə politoloq bildirib.
Həmsöhbətimiz qeyd edir ki, belə vəziyyətə beynəlxalq hüquq və təcrübədə tez-tez rast gəlmək olar:
"Hansısa bir sənəd imzalanır, niyyətlər elan edilir, amma sonra həyat özü göstərir ki, hansısa məsələdə qüvvələr nisbətinin dəyişməsindən istifadə edən tərəflərdən biri öz öhdəliklərini yerinə yetirməkdən qaçır. Moskva bəyannaməsinin bir çox maddələrinin icra olunmamasında faciə axtarmağa da dəyməz. Çünki proses davam edir. Tərəflər həm mübarizə, həm də danışıqlar aparır. Eyni zamanda, meydanda, Qarabağ ərazisində, sərhəd boyunca hansısa əməliyyatlar keçirirlər. Həm də müxtəlif meydançalarda masa arxasında danışıqlar aparırlar. Mövcud vəziyyətdə yalnız bir məsələyə ümid etmək olar, genişmiqyaslı müharibə olmayacaq”.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli Moskva bəyannaməsi imzalanıb. Dörd bənddən ibarət olan sənəd əsasən kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub.
Rüfət Sultan