"Bu, həyasızlığın pik nöqtəsidir”
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi, ordu-generalı Valeri Gerasimovla Ermənistan müdafiə naziri Vaqaraşaq Arutyunyan arasındakı telefon danışığında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparmalarına münasibət bildirərkən deyib. Onun fikrincə, Ermənistana aydiyyatı olmayan, başqa dövlətin ərazisindəki hər hansı bir məsələ barədə İrəvanla fikir mübadiləsi aparmaq yolverilməz olmaqla yanaşı, həm də təxribatdır:
"Rusiya çətin vəziyyətdə qalıb. On görə də ara-sıra bu kimi təxribatlara gedirlər. Hazırda Rusiyanın əsas məqsədi Bakını təkləmək, Azərbaycan-Türkiyə yaxınlaşmasını aradan qaldırmaqdan ibarətdir. Gerasimovla Arutyunyan arasında olan telefon danışığında onların Azərbaycan ərazisindəki rus sülhməramlılarının fəaliyyətini müzakirə etmələri artıq həyasızlıqdır. Hərbi danışıqlar adətən mətbuata ötürülmür, sadəcə, ümumi şəkildə bəzi məqamlar vurğulanır. Amma danışıqların mahiyyətinə varmaq artıq bilərəkdən həmin informasiyanın cəmiyyətə ötürülməsi anlamına gəlir”.
Ekspert bildirdi ki, bu məlumat həm də Azərbaycana qarşı yönələn qara piardır və qarışıqlıq yaratmağa hesablanıb:
"Onun da arxasında Moskvanın Qafqaz maraqları dayanır. Görünən odur ki, Kreml yenə də ermənilərin xəyanətkar siyasətindən yararlanmağa çalışır. Azərbaycan ərazisindəki rus sülhməramlılarının fəaliyyətini ona zərrə qədər də aydiyyatı olmayan Ermənistan vətəndaşı ilə müzakirə etmək Moskva tərəfindən İrəvana rusların mühafizə etdiyi Qarabağdan bərk-bərk yapışmaq tapşırığının verilməsidir. Putun başda olmaqla Rusiyanın bütün yetkililəri hələ də Qarabağın statusundan danışmaqda davam edirlər. Baxmayaraq ki, Azərbaycan status məsələsinə son qoyub. Belədə onların məqsədi yenidən Azərbaycan daxilində qarışıqlıq yaratmaqdır”.
C. Nuriyev onu da qeyd etdi ki, Azərbaycanın əvvəlki Azərbaycan olmadığını Moskva hələ də anlamaq istəmir:
"Ölkəmizlə təxribat və güc dilində danışmaq olmaz. Azərbaycan Prezidenti iyulun 7-də imzaladığı fərmanla həm Dağlıq Qarabağın 98 il bundan qabaqkı statusuna, həm də inzibati-ərazi vahidi kimi bu terminə birdəfəlik son qoydu. Eyni zamanda, Şərqi Zəngəzur inzibati vahidi yaratmaqla İrəvana mesaj verdi ki, Ermənistan bütünlüklə Azərbaycan torpaqlarında yerləşir”.
Rüfət Sultan