Dünya 14:18 19.05.2022

Google işçilərinin əksəriyyətini Rusiyadan çıxardı, ofisini bağladı

Google korporasiyası işçilərinin əksəriyyətini Rusiyadan çıxarıb, onların əhəmiyyətli hissəsi mərkəzi ofisinin yerləşdiyi Dubaya gedib.

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Rusiyalı Google işçilərinin əksəriyyəti ölkəni tərk edərək Google-un Rusiyadan kənar ofislərində işləməyə davam etmək qərarına gəlib. İşçilərdən bəziləri Rusiyada qalmaq qərarına gələrək, şirkətdən ayrılıb. Beləliklə, tezliklə Google-un Rusiyada işçiləri olmayacaq.

"Rusiya hakimiyyəti tərəfindən Rusiyadakı Google bank hesabının həbsi Rusiya nümayəndəliyinin fəaliyyətini, o cümlədən rus işçilərinin işlə təmin olunmasını və mükafatlandırılmasını, təchizatçıların ödənişlərini, eləcə də digər maliyyə öhdəliklərinin yerinə yetirilməsini mümkünsüz edib", - açıqlamada deyilir.

Qeyd olunur ki, Google-un Rusiyadakı törəmə şirkəti tezliklə ölkədə müflis olduğunu elan edəcək. Google işçilərinin ixtisarı və planlaşdırılan iflas Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın Qərb texnologiya şirkətləri ilə münasibətlərinin daha da pisləşdiyini vurğulayır.

Bundan əlavə, Google bildirib ki, Rusiyadakı ofisinin virtual dayandırılmasına baxmayaraq, şirkət Rusiyada Search, YouTube, Maps və Gmail kimi pulsuz xidmətləri saxlamağı planlaşdırır.

UNİAN-ın daha əvvəl bildirdiyi kimi, bank hesabına həbs qoyulduqdan sonra Google Rusiya ofisi fəaliyyətini davam etdirə bilmir və Rusiyadakı ofisini bağlayır.
 
Alpər